Ankaranın strateji addımı: Ərdoğan–Zelenski görüşündən sonra… – Kreml niyə reaksiya vermir?backend

Ankaranın strateji addımı: Ərdoğan–Zelenski görüşündən sonra… – Kreml niyə reaksiya vermir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşün ən diqqətçəkən məqamlarından biri Türkiyənin həm Rusiya ilə əməkdaşlığı davam etdirməsi, həm də Ukraynaya açıq dəstək verməsidir. Bu isə gündəmdə sual yaradır: Ankara bu balansı nə qədər qoruyub saxlaya bilər?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Türkiyənin Ukrayna müharibəsinə dair mövqeyinin doğruluğu getdikcə daha aydın görünür.

Onun sözlərinə görə, əvvəllər Ankaranı Moskva ilə yaxın münasibətlərinə görə tənqid edən dövlətlər indi Türkiyənin hər iki tərəf arasında yaratdığı balansın qlobal əhəmiyyətini anlayırlar:

“Türkiyə yeganə dövlətdir ki, həm Rusiya, həm də Ukrayna ilə danışıqları davam etdirmək imkanını qoruyur. Bu baxımdan Ankara doğru mövqedədir. Balans siyasəti onu sülh prosesində ən vacib vasitəçilərdən birinə çevirir və bunu hər iki tərəf qəbul edə bilər”, – politoloq vurğulayıb.

Elçin Xalidbəyli qeyd edib ki, Kremlin Türkiyənin mövqeyinə sərt reaksiya verməsi üçün əsas yoxdur: “Müharibə dövründə belə Moskva Ankara–Kiyev əlaqələrinə kəskin etiraz etməyib.

Kreml yaxşı anlayır ki, Türkiyənin Ukraynada da, Rusiyada da öz maraqları var. Buna görə Ankara balansı qorumaqda maraqlıdır və bu mövqe müharibənin gələcək gedişinə təsir göstərə biləcək əsas faktorlardan biridir.”

Politoloqa görə, Türkiyənin balans siyasəti regionda və beynəlxalq səviyyədə vasitəçilik rolunu daha da gücləndirəcək.

Aynurə İsmayıl