Bakıda, Dədə Qorqud Parkı ərazisində yerləşən “Araz Market” filialı ilə bağlı alıcı narazılığı ortaya çıxıb.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, mağazadan alış-veriş edən müştəri pendir alarkən satıcının kiflənmiş məhsulları müxtəlif üsullarla “təmizləyərək” yenidən vitrinə düzdüyünün şahidi olub.
Alıcının bildirdiyinə görə, üzərində açıq şəkildə kif izləri olan pendirlər kəsilərək və xarici görünüşü dəyişdirilərək yenidən satışa çıxarılıb. Həmin məhsulların daha sonra 22 manat 30 qəpik qiymətlə alıcılara təqdim edildiyi iddia olunur.
Müştəri qeyd edir ki, bu vəziyyətlə qarşılaşdıqdan sonra mağazanın əməkdaşlarına etiraz edib, lakin ciddi reaksiya görməyib. Onun sözlərinə görə, kiflənmiş məhsulun yalnız görünən hissəsinin kəsilməsi pendiri təhlükəsiz etmir və belə məhsulun satışda qalması istehlakçıların sağlamlığı üçün real təhlükə yaradır. Alıcı hesab edir ki, bu cür hallar təkcə bir mağazanın problemi deyil, ümumilikdə qida təhlükəsizliyi sahəsində nəzarətin zəiflədiyini göstərir.
Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən, insan sağlamlığı üçün təhlükə yaradan, yararsız və ya xarab olmuş qida məhsullarının satışa çıxarılması qadağandır.
Kiflənmiş pendirin üzərinin kəsilərək yenidən satışa verilməsi təhlükəli məhsulun dövriyyəyə buraxılması kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır.
Belə hallar aşkar edildikdə məhsulların satışdan yığışdırılması, məhv edilməsi, sahibkarın cərimələnməsi və fəaliyyətinin müvəqqəti dayandırılması kimi tədbirlər tətbiq oluna bilər. Təkrar və ağır pozuntular zamanı isə obyektin bağlanması da mümkündür.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ bildirib ki, kiflənmiş məhsulların “təmizlənərək” yenidən satışa çıxarılması istehlakçıya qarşı açıq hörmətsizlik və qanunun kobud şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, belə hallar əsasən maddi itkilərdən yayınmaq istəyən məsuliyyətsiz sahibkarların fəaliyyəti nəticəsində baş verir:
“Kif yalnız məhsulun səthində görünən hissə deyil, onun daxilinə də sirayət edir və bu zaman pendir artıq yararsız hesab olunur. Belə məhsulu kəsməklə və ya yumaqla təhlükəsiz hala gətirmək mümkün deyil. Bu, insan sağlamlığına qarşı cinayətdir. Dövlət qurumları bu məsələdə daha sərt nəzarət həyata keçirməli, istehlakçılar isə belə hallarla rastlaşdıqda dərhal aidiyyəti orqanlara məlumat verməlidirlər”.
Mütəxəssisin fikrincə, kiflənmiş pendirin istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:
“Kif göbələklərinin ifraz etdiyi mikotoksinlər insan orqanizmi üçün zəhərli maddələr hesab olunur. Bu maddələr qida zəhərlənməsi, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, allergik reaksiyalar və immun sisteminin zəifləməsi kimi fəsadlara yol aça bilər. Uzun müddət belə məhsulların qəbulu isə qaraciyər və böyrək problemlərinə, xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün bu risklər daha böyükdür”.
Tunar
NOCOMMENT.az













