“Əvvəla, bu proses ilkin olaraq könüllülük prinsipi əsasında həyata keçiriləcək. İkincisi, müəllimlərin əksəriyyəti dərs verməkdən əlavə repitetorluq fəaliyyəti ilə məşğul olur”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a təhsil eksperti Ramin Nurəliyev deyib.
O, elm və təhsil naziri Emin Əmrullayevin Mili Məclisin komitə iclasında səsləndirdiyi fikirləri şərh edib.
“Müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu qədər işləyən adamın maaşı da aşağı olur. Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır”, – deyə nazir vurğulamışdı.
Öz növbəsində, Ramin Nurəliyev bildirib ki, bu prosesin icrası gənc müəllimlər üçün daha əlverişli olacaq:
“Təkcə Bakı şəhəri deyil, regionları da nəzərə almaq lazımdır. Hazırda proses könüllü olaraq icra olunacağı üçün vaxt məsələsi ilə bağlı problem olmayan hər bir müəllim yeni proqrama qoşula biləcək. Eyni zamanda, gənc müəllimlər üçün bu proses daha sərfəli olacaq.
İcra olunmağa başladığı halda əməkhaqqı standart olacaq. Yəni hazırkı məbləğdən yüksək. Hansısa gənc müəllim ümumitəhsil məktəblərində fəaliyətə başlayanda maksimum 500 manat məbləğində maaş alır. Bu layihəyə qoşulacaq müəllimlər isə 1000 manatdan çox məvacib alacaqlar”.
Ekspert qeyd edib ki, dünyanın bir çox ölkəsində bu proses icbaridir:
“Prosesin məcburu olacağı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin yeni sistem əvvəlkindən qat-qat yaxşıdır. Sosial mediada tənqid olunsa da, düşünürəm ki, hələlik bu haqda fikir bildirmək əsassızdır. Tənqid edənlər arasında müəllimlər də var. Narazılığı bildirərkən, müəllimi yox, ölkənin təhsil sitemini düşünmək lazımdır. Bu proses təhsilin inkişafına təkan verəcəksə, bunu dəstəkləmək lazımdır. Dünyanın heç bir ölkəsində dərs saatı anlayışı yoxdur. Elə bir müəllim modeli olmamalıdır. Müəllim dərs tədrisi ilə yanaşı, əlavə məşğələlərlə də məşğul olmalıdır. Şagirdin tərbiyəsi və mənəviyyatı ilə məşğul olmaq da müəllimin əsas vəzifələrindən biridir. Bu gün həmin müəllim modelini yaratmağı bacarmalıyıq”.
Ramin Nurəliyev rayon müəllimlərini nəzərə almağın vacibliyini vurğulayıb:
“Əgər icbari olarsa, müəllimlər öncədən bu haqda məlumatlandırılacaq və proqramlarını uyğun şəkildə qura biləcəklər. Layihəyə başlamadan öncə müəllimin əməkhaqqı, nəqliyyat və yol məsələləri, habelə sosial məsələlər nəzərə alınmalıdır. Ev, mənzil təminatı məsələsinə də diqqət yetirilməlidir. Regionlara təyinat alan müəllim uzun illər orada fəaliyyət göstərəcəksə, onun əmlak alması üçün müəyyən şərait yaradılmalıdır. Güzəştli kredit kimi imkanlar müəllimlərə təklif olunmalıdır. MİQ imtahanların təşkili ilə bağlı hələlik dəqiq bir şey yoxdur. Prosesin necə keçiriləcəyi sistemin icrasından sonra müzakirə olunacaq”.













