Ayaqlarım yerdən üzüldü, göyə qalxdım – “12-ci İmam”ın məhkəməsibackend

Ayaqlarım yerdən üzüldü, göyə qalxdım – “12-ci İmam”ın məhkəməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü 12-ci imam kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda iş üzrə iki zərərçəkmiş – Aydın Naftalıyev və Elnur Mehtiyev dindirilib.

APA-nın məlumatına görə, bu zərərçəkmiş şəxslər də ifadələrində Aqil Babayevin ilahi qüvvəyə malik olduğuna inandıqlarını deyiblər.

Aydın Niftəliyevin dediyinə görə, ilk vaxtlar Aqil Babayevin ilahi qüvvəyə malik olduğuna şübhə ilə yanaşıb. Onun “möcüzəsini” gördükdən sonra isə inanmağa başlayıb: “Bir yerdə namaz qılırdıq, Aqil məndən irəlidə dayanmışdı. Namazı bitirdikdən sonra qəfildən geri çönüb dedi ki, sən mənə şəkk edirsən? Diqqətlə gözümün içinə baxmağa başladı. Bu vaxt ayaqlarım yerdən üzüldü, göyə qalxdım. Bu vaxt yanımda olan qaynım ikiəlli yapışıb soruşdu ki, hara qalxırsan sən? İnanın, məni tutub aşağı salmasaydı göyə qalxıb gedirdim. Sonra nə olacaqdı, bilmirəm. Bundan sonra ona inanmağa başladım. Amma dəfələrlə görüşmək istəsəm də, qəbul etmirdi, ancaq futbol oyunlarında rastlaşırdıq. Hər matçdan sonra da adamları ayaqlarını masaj edirdilər”.

Zərərçəkmiş şəxs Aqil Babayevin başqa möcüzələrini də eşitdiyini deyib. Onun sözlərinə görə, həmin möcüzələrdən biri onun alovun üstündə oturaraq qanad çıxarması olub:

“Odun üstündə çıxardığı qanadlar onun mələkləri olub. Həmin anın şəkilləri də var”.

Aydın Niftəliyev iddia edib ki, iş üzrə ona 71 min manat ziyan dəyib: “Mənə zəng edib dedi ki, evini sat gəl qibləyə. Qiblə haradır soruşanda Əhmədli qəsəbəsini nəzərdə tutduğunu dedi. Deyirdi, Binəqədi günahların yeridi. Söz verdi ki, evimi satıb pulunu ona verim. Həmin pula mənə qiblədən – Əhmədli qəsəbəsindən 150 kvadratlıq ev verəcək. Mən də o deyəni elədim, evi satıb pulunu verdim”.

A.Naftalıyev ifadəsi gedişində təqsirləndirilən şəxsi təhqir edib. Məhkəmə buna görə ona xəbərdarlıq edib.

Digər zərərçəkmiş Elnur Mehtiyev isə Aqil Babayevlə 2004-cü ildə tanış olduğunu deyib. Verdiyi müxtəlif suallara təqsirləndirilən şəxsin müdrik cavablar verməsi onda inam yaradıb. Elnur Mehtiyev iddia edib ki, iş üzrə ona 65 min manat ziyan dəyib. Həmin pulu Aqil Babayevə xeyriyyə məqsədilə verib:

“Böyük bir iş götürmüşdüm, yaxşı gəlirim var idi. Bu ərəfədə Aqillə məsləhətləşdim. Dedi sən xeyir iş görürsən, buna görə özün də xeyriyyəçilik etməlisən. 2011-2014-cü illərdə xeyriyyə adı ilə ayda 1500-2000 manat aralığında pul vermişəm”.

Proses noyabrın 29-da davam etdiriləcək.

Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.