“Bu Şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov qadın obrazlarına görə sosial şəbəkələrdə zaman-zaman tənqid olunur, lakin “Ev Dar” adlı son konsert monların son çıxışı ehtirasları yenidən alovlandırıb.
“Vallah, mən bilmirəm niyə insanlar iki yerə bölünüb. Fikrimcə, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov çox gözəl aktyorlardır”.
NOCOMMENT.az xəbər verir ki, bunu “Yeni Sabah”a Milli Məclisin deputatı Aqil Abbas bildirib.
O, həmkarı Fazil Mustafanın əksinə, aktyorların tərəfini tutub və onların səhnədə qadın obrazına girməsinə normal yanaşıb:
“Yumorları da gözəldir, xalq da onları sevir. Aktyorların qadın paltarı geyinməsi ta qədimdən olub, dünyanın hər yerində geniş yayılıb. Burada nə var ki?! Əsas olan onların nə geyindiyi yox, yumorları, xalqı güldürməsidir”.
Aqil Abbasın sözlərinə görə, tamaşaçını güldürmək xüsusi bacarıqdır:
“Onların yumoru şəxsən mənim ürəyimcədir. Hətta Heydər Əliyev Sarayında illər öncə olan konsertlərində də iştirak etmişəm. Son konsertlərinə isə televizorda baxmışam, xoşuma gəlib. Mükəmməl iş görürlər, niyə aktyorların qadın paltarı geyinməsi bu qədər şişirdirlir?!
Aygün Bəylər də kişi paltarı geyinirdi, ona deyirdilər ki, niyə belə geyinirsən?! Bu nə absurd yanaşmadır?! Düzgün deyil. Onlar aktyordur və işlərini də peşəkarcasına görürlər. Mən onların ikisinə də uğurlar arzulayıram!”
Xatırlatma: Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, müəyyən hallarda qadın obrazına girmək sənətdə qəbul oluna biləcək hal olsa da, bunun ardıcıllığa çevrilməsini doğru saymır. Onun sözlərinə görə, mövzu seçimi və ədəbi ölçülərin qorunması tamaşaçının gözündə sənətin dəyərini müəyyən edən əsas amillərdir.













