AYNA-nın radar siyasəti narazılıq doğurdu – “Məqsədi nədir?” / VİDEObackend

AYNA-nın radar siyasəti narazılıq doğurdu – “Məqsədi nədir?” / VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar, demək olar ki, əksər nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) şikayətçidir.

NOCOMMENT.az xəbər verir ki, bu dəfə şəxsi avtomobil sahibi öz şikayətini video şəklində sosial şəbəkələrdə paylaşıb.

Böyükşor yolunda hərəkət edən şəxs şikayətlənir ki, sürəti saatda 90 km olan yolda radar mövcudluğu barədə məlumat verən “İnformasiya stendi” düzgün qoyulmayıb. Çünki stenddən 10 metr sonra radarın özünü yerləşdirilib.

“Halbuki, qanuna görə, bu stend radara 250 metr qalmış yerləşdirilməlidir. Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, artıq bu stendləri onlar deyil, AYNA yerləşdirir. Maraqlıdır, AYNA-nın məqsədi nədir?”, – deyə şikayətçinsual edir.

Qeyd edək ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır.

Həmin maddədə deyilir:

“Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.

AYNA-nın rəsmi saytındakı “haqqımızda” bölümündə isə bildirilir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir”.

İnnovativ yanaşmanız budurmu?!

Xatirə SADİQ