Son vaxtlar, demək olar ki, əksər nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) şikayətçidir.
NOCOMMENT.az xəbər verir ki, bu dəfə şəxsi avtomobil sahibi öz şikayətini video şəklində sosial şəbəkələrdə paylaşıb.
Böyükşor yolunda hərəkət edən şəxs şikayətlənir ki, sürəti saatda 90 km olan yolda radar mövcudluğu barədə məlumat verən “İnformasiya stendi” düzgün qoyulmayıb. Çünki stenddən 10 metr sonra radarın özünü yerləşdirilib.
“Halbuki, qanuna görə, bu stend radara 250 metr qalmış yerləşdirilməlidir. Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, artıq bu stendləri onlar deyil, AYNA yerləşdirir. Maraqlıdır, AYNA-nın məqsədi nədir?”, – deyə şikayətçi sual edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ərazidə qoyulan nişanın həmin məsafədə yerləşdirilməsi əslində öz əhəmiyyətini itirmir. Bu da mümkün variantdır: “Mənim mövqeyim ondan ibarətdir ki, əgər həmin yolda maksimal sürət həddini göstərən nişan əvvəldən qoyulubsa, ondan sonra əlavə nişanın istənilən məsafədə yerləşdirilməsi qanun çərçivəsində sayılır. Yəni əsas olan odur ki, sürət həddini bildirən ilkin nişan artıq mövcuddur. Bu baxımdan vəziyyət normaldır. Bunu dəqiq təyin etmək üçün isə, əlbəttə ki, görüntüyə baxmaq lazımdır. Mən də bir neçə dəfə belə hallarla rastlaşmışam. Sosial şəbəkələrdə də paylaşılan hadisələr olub: əvvəl 30, sonra 50 nişanı qoyulub, amma onlardan əvvəl də sürət həddini göstərən nişan mövcud olub. Bu isə qeyri-qanuni hesab edilmir. Ümumiyyətlə, qanunvericiliyə görə, əlavə məlumat nişanları təxminən bir neçə yüz metr əvvəldən yerləşdirilə bilər. Bu məsafə 100 metr və ya daha artıq ola bilər.
Ekspert qeyd edib ki, hər halda, qeyd etdiyim kimi, görüntüyə baxmaq lazımdır və əgər zərurət varsa, həmin əlavə nişanın yeri yenidən nəzərdən keçirilib dəyişdirilməlidir.













