Azad edilmiş ərazilərdə yeni məzarlıqlar salınacaqbackend

Azad edilmiş ərazilərdə yeni məzarlıqlar salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni barbarları 30 illik işğal dövründə Azərbaycanın maddi-mədəni sərvətlərini talan etməklə yanaşı, dini abidələri və məzarlıqları da dağıdaraq yerlə-yeksan ediblər. Bir çox soydaşlarımızın məzar yerləri indiyədək naməlum qalır.

İllərlə erməni vandalizminə məruz qalmış ərazilərdəki məzarlıqları aşkar etmək üçün ciddi araşdırmaların aparılması gündəmdədir. Eyni zamanda Böyük Qayıdış prosesi çərçivəsində azad olunmuş ərazilərdə yeni məzarlıqların salınması təklif olunur.

Bəs, işğaldan azad olunan ərazilərdə yeni məzarlıqların salınması nəzərdə tutulurmu?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, məzarlıq olmadan hansısa rayonu, ya qəsəbəni təsəvvür etmək olmaz:

“Bu gün cənab Prezidentin rəhbərliyi ilə Böyük Qayıdış prosesi sürətlə həyata keçirilir. Artıq insanlarımızın bir qismi öz doğma yurd-yuvalarına köçürülüb. Bu gün Ağalıda, Laçında, Şuşada, Suqovuşanda, Ağdamda və digər rayonlarımızda insanlar öz doğma yurdlarına qayıdırlar. İnsanlar bura qayıtdığına görə, əlbəttə ki, hər bir ərazidə, qəsəbədə məzarlıqların salınması nəzərdə tutulub. Bu normal işdir. Məzarlıq olmadan hansısa rayonu, qəsəbəni, kəndi təsəvvür etmək çətindir”.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun baş planında məzarlıqların salınması nəzərdə tutulur:

“Bütün baş planlarda məzarlıqlar da nəzərdə tutulub. Burada planlı şəkildə, səliqəli, düzgün formada tərtib olunmuş məzarlıqlardan söhbət gedir. Dövlətimiz bu ərazilərdə məzarlıqların salınması üçün lazımi addımları atır. Vətəndaşlarımız buna tam əmin olsunlar. Biz bu gün prosesin sürətlə getdiyini müşahidə edirik. O bölgənin inkişafına töhfə vermək hər birimizin ən müqəddəs vəzifələrindən və ən ümdə qayələrindən biridir. Bütün proseslər plana uyğun olaraq ən qısa vaxtda, ən uğurlu formada həyata keçiriləcək”.

Kəlbəcərin deputatı Aqil Məmmədov isə hesab edir ki, yeni məzarlıqların salınması labüddür:

“30 il əvvəl Qarabağdakı mövcud məzarlıqları erməni vandalları yerlə-yeksan edib. Mən elə başa düşürəm ki, kəndlərə qayıdış baş tutduqdan sonra dağılan məzarlar bərpa olunacaq. Məlum olmayanlar da müəyyən şəkildə aşkarlanaraq rekonstruksiya ediləcək. Müsəlmanların özlərinə məxsus adət-ənənələri var. Heç kim istəməz ki, öz ata-babasının qəbri dağılmış formada qalsın. Bunlar mütləq bərpa olunub, nizama salınacaq. Yeni məzarlıqların salınması işlərini kənd camaatı, icra və bələdiyyə nümayəndələri birgə müəyyənləşdirəcəklər. Əgər köhnə qəbiristanlığın ətrafında boş yer olarsa orada, yaxud başqa ərazidə məzarlıqların formalaşması labüddür”.