Azərbaycan ilə Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Report”a Milli Məclisin deputatı Nigar Məmmədova Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü formatına tamhüquqlu üzv olmasının əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyirlər:
“Burada söhbət Cənubi Qafqazın lokomotivi olan Azərbaycanın öz fəaliyyətini Mərkəzi Asiya istiqamətində genişləndirməsindən gedir. Ölkəmiz coğrafi olaraq Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Azərbaycan ilə Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilib.
Xatırladım ki, bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Son illər reallaşan yüksək səviyyəli qarşılıqlı səfərlər Bakı-Daşkənd münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib. Tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyirlər. Xüsusilə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Mərkəzi Asiya dövlətləri ölkəmizə ardıcıl qardaş dəstəyi nümayiş etdirirlər”.
N.Məmmədova vurğulayıb ki, mürəkkəb geosiyasi proseslər kontekstində region ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi zərurətə çevrilib:
“Əməkdaşlığı daha da gücləndirmək, təhlükəsizliyə və davamlı inkişafa təhdidlərə qarşı koordinasiyalı cavab hazırlamaq yeni dövrün əsas vəzifələri sırasındadır. Bu xüsusda regional dialoqun strateji formata çevrilməsi vacibdir. Region ölkələri həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. Belə ki, ilkin mərhələdə hədəf qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artırmaqdır. Regionda vahid investisiya mühitinin formalaşdırılması, virtual ticarət platformalarının yaradılması da əsas prioritetlər sırasındadır. Regionun yüksək texnologiyalı infrastrukturu və nəqliyyat-logistika potensialı əməkdaşlıq üçün geniş imkanlar açır”.
Deputat onu da əlavə edib ki, bu əməkdaşlıq fonunda Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunmalıdır:
“Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, ölkəmizdə Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir. Azərbaycan Orta Dəhliz çərçivəsində Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinə də fayda gətirəcək. Bununla yanaşı “yaşıl dəhlizlərin”, fiber-optik xətlərin və digər obyektlərin tikintisi və modernləşdirilməsi üçün strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üçün səylər birləşdirilir. Beləliklə, qısa müddət ərzində Azərbaycanla Mərkəzi Asiya ölkələri dialoqdan real tərəfdaşlığa keçib, tərəflər arasında möhkəm körpü formalaşmaqdadır. Bu isə regionlarımız arasında strateji əlaqəni genişləndirmək üçün əlverişli zəmin yaradır”.













