Rusiyanın və Qərbin xüsusi xidmət orqanları Azərbaycandan Avropadakı anbar partlayışlarının təşkilatçısı olduğu güman edilən Baş Kəşfiyyat İdarəsinin (QRU) agentinin təhvil verilməsini tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Məlumata görə, Rusiyanın və Qərbin xüsusi xidmət orqanları 2024-cü ilin yayında Böyük Britaniya, Almaniya və Polşada yük və kuryer şirkətlərinin anbarlarında bağlamaların partladılmasında iştirak edən rus agenti Yaroslav Mixaylovun ələ keçirilməsi uğrunda mübarizə aparır.
Belə ki, partlayışlardan sonra Mixaylov saxta sənədlərdən istifadə edərək Azərbaycana qaçıb.
Nəşr iddia edir ki, həm Rusiya, həm də Qərb dövlətləri rusiyalı casusu ekstradisiya etməsi üçün Azərbaycan hakimiyyətini razı salmağa çalışır. Hətta Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB), Xarici Kəşfiyyat Xidmətinin və QRU-nun rəhbərləri Mixaylovu Rusiyaya qaytarması və Polşanın ekstradisiya tələbini rədd etməsi üçün Bakıya təzyiq göstərməyə çalışıb.
Polşa, Böyük Britaniya, Ukrayna və Litva isə Mixaylovun Rusiyaya qayıtmasının qarşısını almağa cəhd edirlər.
Polşanın tələbi ilə İnterpol artıq “Rusiya xüsusi xidmət orqanları”nın göstərişi ilə həyata keçirdiyi “terror” əməliyyatlarına görə Rusiya vətəndaşı barəsində gizli həbs qərarı verib.
Nəşr diqqətə çatdırır ki, Azərbaycan indiyədək Mixaylovun ekstradisiyası ilə bağlı bütün müraciətləri rədd edib.
“Rus casusu 2024-cü ilin çox hissəsini naməlum şəraitdə keçirdi: o, saxlanılmayıb, lakin nəzarətdə qalıb və ölkədən çıxışına qadağa qoyulub”, – nəşr yazır.
2024-cü ilin iyul ayında DHL yük şirkətinin Leypsiq və Birmingemdəki anbarlarında, eləcə də DPD kuryer şirkətinin Varşavadakı anbarında üç bağlama partlayıb və alovlanıb. Məlum olub ki, taymerli əldəqayırma bombalar masaj yastıqlarında və seks oyuncaqlarında gizlədilib və Litvadan göndərilib. Artıq Litvada bir neçə şübhəli şəxs saxlanılıb.
Xatirə SADİQ












