Azərbaycan Şahramanyanı tutub gətirmək üçün əməliyyat keçirə bilər – AÇIQLAMAbackend

Azərbaycan Şahramanyanı tutub gətirmək üçün əməliyyat keçirə bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Qarabağdakı separatçıların keçmiş lideri Samvel Şahramanyan “artsax” qondarma rejimin buraxılması ilə bağlı qərarını ləğv edib.

Belə ki, Samvel Şahramanyan “artsaxın” buraxılması haqqında “fərman”ı ləğv edən “fərman” imzalayıb. Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan isə açıqlamasında deyib ki, “artsax dövlət qurumları”nın separatçı rəhbərləri könüllülük əsasında öz vəzifələrini yerinə yetirməyi davam etdirirlər.

Maraqlıdır, separatçı Şahramanyanın bu addımı nəyə gətirib çıxaracaq?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı xatırlatdı ki, “Artsax Respublikası” adlanan Qarabağ separatçılarının yeni başçısı Samvel Şahramanyan bu ilin sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikasının” bütün “institutlarının” 2024 -cü ilin yanvarın 1-dən ləğvi haqqında sərəncam imzalamışdı və bütün dünyaya bu, rəsmən bəyan edilmişdi.

Onun sözlərinə görə, onun qalxıb “belə bir sərəncam olmayıb” deməsi gülüncdür və bunların nə dərəcədə saxtakar olmasının göstəricisidir:

“İkinci tərəfdən onsuz da məlum separatçı qurumun varlığını kimsə tanımayıb. Onun üzdəniraq başçısının hansı sənədi imzalayıb-imzalamamasının hüquqi keçərliliyi yoxdur. Eyni zamanda, onun indi elan etdiyi “belə bir sənəd olmamışdır“ fikri də heç nəyi dəyişdirmir. Əgər bu gün deyirsə ki, bu qurum varlığını davam etdirir, xüsusən də Azərbaycan üçün hüquqi anlamda heç bir şey ifadə etmir.  Elə Ermənistanın özündə də separatçı qurumun bu şəkildə “xortlamasına” ciddi reaksiya verilir. İqtidarda olan Paşinyan hökümətindən dərhal bu işin zərərli olduğu barədə açıqlamalar gəlməkdədir. Bunun arxasında nəyin gizləndiyini yorumlamağa başlayıblar.

İlk növbədə erməni rəsmi hakimiyyəti hesab edir ki, separatçı qurum Ermənistanla Azərbaycan arasında sülh anlaşmasını təhlükəyə atır. Bunu Şahramanyan və digər Qarabağ erməniləri də fərqindədirlər və onlar Paşinyan hakimiyyətinə qarşı verilən mücadilədə yer almaq istəyirlər. İndiyədək separatçıların tör-töküntüləri fəal deyildilər və Ermənistan Qarabağdan gələn əhalinin siyasi proseslərin içində görmür və həmin siyasətini davam etdirməkdədir. “Artsax Respublikası” Ermənistanda fəaliyyət göstərir və onun himayəçisi Ermənistan dövlətidir” təpkisindən qorxulurdu və hətta bəziləri hesab edirdilər ki, onların buradakı fəaliyyəti Ermənistan üçün təhlükədir. Çünki Azərbaycan Ermənistanla sülh sazişi danışıqlarında bu ölkənin revanşist qüvvələrinin də fəaliyyətini nəzərə alacaqdır və Ermənistanın sülh arzuları bununla birdəfəlik qapana bilər. Bundan əlavə Ermənistanda hesab edirlər ki, qondarma “DQR”in bu ölkədə fəallaşması Azərbaycana tədbirlər görmək üçün şans verir”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan dövlətçiliyinə təhdid hardan gəlirsə-gəlsin, dövlətimizin onu yox etməyə haqqı vardır.

“Dünyada da belə təcrübələr vardır və hazırda qaynar nöqtələrdə bu prinsiplə savaşlar davam etdirilir. Ermənistan ondan qorxur ki, Azərbaycan antiterror tədbirlərini lap İrəvanın mərkəzində davam etdirə bilər. Bu isə sülh danışıqlarının dalana dirənməsi deməkdir. Məsələn, Şahramanyanı tutub gətirmək üçün əməliyyat keçirə bilər. Bəzi erməni şərhçilər və siyasilərin böyük qismi və hakimiyyətin təmsilçiləri qondarma rejimin Ermənistanda fəaliyyətini məqbul saymır və onun neytral bir Avropa ölkəsinə daşınmasını təklif edirlər. Amma bəzi kənar qüvvələr bu separatçı qurumun məhz Ermənistanda fəaliyyətinə dəstək verirlər. Bunlar daha çox Rusiya yanlılarıdır və Rusiyanın Ermənistana müdaxilə imkanlarının davam etməsini istəyirlər.

Əlbəttə, Qərbin də özünəməxsus maraqları var. Azərbaycan üçün belə bir qurumun yaşayıb-yaşaması və harada yerləşməsinin əhəmiyyəti olmamalıdır. O Azərbaycan dövlətçiliyinə təhdid olacaqsa, tədbirlər görməsi mühtəməldir. Şahramanyanın müşavirinin açıqlamasından sonra istefa verməsi və dediklərini təkzib etməsi ondan xəbər verir ki, yanvarın 1-dən separatçı qurumun “institutlarının “ ləğvi qüvvədə qalacaq. Onsuz da Azərbaycan belə hesab edir ki, artıq Qarabağ məsələsi yoxdur”, – deyə Qafar Çaxmaqlı bildirdi.