Yaxın Şərqdə alovlanan və hər an qlobal xarakter almağa meylli olan geosiyasi gərginlik fonunda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ və İsrailə yönəlik son bəyanatı regionun təhlükəsizlik arxitekturasını kökündən sarsıdacaq mesajlarla zəngindir. İrana qarşı hər hansı hərbi təcavüzün təkrarlanacağı təqdirdə cavab zərbələrinin coğrafi baxımdan Yaxın Şərqlə məhdudlaşmayacağı xəbərdarlığı, Tehrandakı hərbi-siyasi elitanın münaqişəni regional çərçivədən çıxarıb daha geniş areala yaymaq niyyətini açıq şəkildə ortaya qoyur.
SEPAH-ın "biz müharibə adamlarıyıq" ritorikası ilk baxışda birbaşa Vaşinqton və Təl-Əviv xəttinə ünvanlansa da, bu barıt qoxulu bəyanatın dalğaları İranla uzun quru sərhədinə malik olan və regionun ən strateji nöqtəsində yerləşən Azərbaycana da birbaşa təsir edir. Çünki Tehranın eskalasiyanı coğrafi olaraq genişləndirmək hədəsi istənilən hərbi toqquşma ssenarisində sərhəd bölgələrində gərginlik, qaçqın axını, hava məkanının təhlükəsizliyi və ya regional qeyri-sabitlik riskini avtomatik olaraq Bakının milli təhlükəsizlik masasına yatırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Heydər Oğuz qeyd edib ki, SEPAH-ın müharibəni regiondan kənara çıxarmaq hədəsi əslində qonşu dövlətləri, xüsusən də Azərbaycanı asimmetrik təhdidlərlə qarşı-qarşıya qoyur: "İran hərbi doktrinasında proksi (vəkil) qüvvələr və asimmetrik müharibə elementləri mühüm yer tutur və Tehran hər hansı böyük böhranda münaqişəni qonşu coğrafiyalara sıçratmaqla diqqəti öz üzərindən yayındırmağa çalışır. Azərbaycanın İsrail ilə uzunillik, uğurlu və strateji hərbi-texniki əməkdaşlığı Tehranın regional analizlərində həmişə qıcıq doğuran əsas amillərdən olub. SEPAH-ın bəyanatındakı coğrafi məhdudiyyətsizlik eyhamı Bakı üçün bir siqnaldır ki, cənub qonşumuzdakı gərginlik fonunda sərhəd təhlükəsizliyi, hava hücumundan müdafiə sistemlərimizin hazırlığı və strateji obyektlərin mühafizəsi maksimum səviyyəyə qaldırılmalıdır".
Onun sözlərinə görə, bu cür bəyanatlar rəsmi Bakının illərdir böyük ustalıqla yürütdüyü və regionu fəlakətlərdən qoruyan balanslaşdırılmış xarici siyasət kursunu daha da həssas bir sınaq qarşısında qoyur: "Azərbaycan heç vaxt öz ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı bir platforma kimi istifadə olunmasına icazə verməyəcəyini ən yüksək səviyyədə bəyan edib və bu prinsiplərinə sadiqdir. Lakin Tehranın regional eskalasiyanı nəzarətdən çıxaracağı təqdirdə, Bakının həm Qərb, həm də regional tərəfdaşları ilə olan balanslı münasibətlərini qoruması daha böyük diplomatik manevrlər tələb edəcək. Biz öz neytrallığımızı və suverenliyimizi qorumaq üçün həm masada, həm də meydanda qabaqlayıcı addımlar atmalıyıq, çünki bu gərginlik sadəcə iki dövlətin savaşı deyil, bütün regionun gələcəyini təhdid edən bir prosesdir".
Şərhçi qeyd edib ki, Yaxın Şərqdəki mümkün destabilizasiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı qlobal rola və iqtisadi maraqlarına da ciddi zərbə vura bilər: "Azərbaycan bu gün sadəcə regional oyunçu deyil, Avropaya diversifikasiya olunmuş enerji marşrutları təqdim edən strateji təminatçıdır. Regionda baş verəcək hər hansı irimiqyaslı hərbi qarşıdurma bu logistik xətlərin, boru kəmərlərinin və infrastrukturun təhlükəsizliyini riskə atır. SEPAH-ın xəbərdarlığı birbaşa Azərbaycanı hədəf almasa da, bu hədələrin yarada biləcəyi iqtisadi və siyasi fəsadlar zəncirvari xarakter daşıyır. Belə bir vəziyyətdə dövlətimiz üçün ən böyük prioritet daxili sabitliyi qorumaq, kəşfiyyat və təhlükəsizlik tədbirlərini gücləndirmək və regional tərəfdaşlarla böhran menecmenti mexanizmlərini işə salmaqdır".
Tunar,












