Azərbaycan turizmində GƏRGİNLİK: Otellərdə təhlükə artır? – Ciddi XƏBƏRDARLIQbackend

Azərbaycan turizmində GƏRGİNLİK: Otellərdə təhlükə artır? – Ciddi XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azərbaycanda turizm sektorunun bərpası ilə yanaşı, otellərə olan tələbatda da müxtəlif dəyişikliklər müşahidə olunur.

Pandemiyadan sonrakı dövrdə daxili turizmin canlanması otel sektoruna müsbət təsir etsə də, xarici turist axınının hələ 2019-cu il səviyyəsinə çatmaması bazarda müəyyən balanssızlığa səbəb olub. Bununla yanaşı, son vaxtlar kənd evləri, villalar və fərdi istirahət məkanlarına artan maraq otellərlə rəqabəti gücləndirib. Bəzi otellərdə baş verən xoşagəlməz hadisələr isə cəmiyyət arasında təhlükəsizlik məsələlərinin müzakirəsini gündəmə gətirib.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, son illər otellərə olan tələb mövsümlərə və turist axınına uyğun olaraq dəyişir:

“Azərbaycanda turizm bazarı hələ də bərpa dövrünü yaşayır. Xarici turist axını hələ də 2019-cu il səviyyəsində müşahidə olunmur. Buna baxmayaraq, daxili tələbat kifayət qədər yüksəkdir, ölkə daxilində səyahət edən vətəndaşlarımızın sayı artıb,” – ekspert qeyd edib.

Ceyhun Aşurov əlavə edib ki, son dövrlərdə kənd evləri, villalar və digər fərdi qalma yerlərinə maraq artıb.

“Bu, otellərə alternativ kimi çıxış edir və nəticədə tələb bir qədər bu istiqamətə yönəlib. Amma otellər hələ də xidmət səviyyəsinə, təhlükəsizlik və rahatlığa görə öz müştərilərini qoruyur,” – o, bildirib.

Ekspert qeyd edib ki, “Turizm haqqında” qanuna əsasən, 11 və ya daha çox otağı olan yerləşmə obyektləri otel hesab olunur və bu sahədə müəyyən islahatlar həyata keçirilir:

“Otellər evlərlə müqayisədə həm xidmət göstərir, həm də təhlükəsizlik baxımından üstünlüyə malikdir. Buna görə də otellərdə istirahətə üstünlük verən qonaqlar həmişə olacaq,” – Aşurov vurğulayıb.

Otellərdə baş verən bəzi xoşagəlməz hadisələrə də toxunan ekspert bildirib ki, bu cür halların baş verməsi istisna deyil, çünki otellər 24 saat fəaliyyət göstərən müəssisələrdir:

“Təəssüf ki, bəzən otellərdə ölüm və ya digər xoşagəlməz hadisələr baş verir. Bu, otelin nəzarətindən kənarda olan hallar da ola bilər. Qonaqlar da öz davranışlarına diqqət etməlidirlər. Bu cür hadisələr yalnız Azərbaycanda deyil, dünyanın hər yerində yaşana bilər,” – deyə o, əlavə edib.

Ekspertin sözlərinə görə, bütün bu amillərə baxmayaraq, otellərin bazarda rolu hələ də güclüdür və sektorun gələcək illərdə bərpa tempinin davam edəcəyi gözlənilir.

Aynurə İsmayıl