“Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna edilmiş dəyişiklərə əsasən, eləcə də “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” təsdiq edilib.
Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni BOKT-lara 1 milyon manat kapital tələbi qoyulub. Bu tələbə əməl etməyən “Optimal Finance”a icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövrdə kapital tələbinə əməl edilməyib. Odur ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.4-cü maddəsinə əsasən, 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziya ləğv edilib.
Qanunun 25.4-cü maddəsinə əsasən, kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
AMB-nin fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcək.










