Azərbaycanda dindar-ateist qarşıdurması: Ocağa benzini kim tökür?backend

Azərbaycanda dindar-ateist qarşıdurması: Ocağa benzini kim tökür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dindarların düşüncəsinə lağlağı, məzhəkə ilə yanaşılanda təbii ki, bu da dindarlarda avtomatik olaraq aqressiya formalaşdıracaq. Bu isə gələcək qarşıdurmaların əsasını qoyur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a ilahiyyatçı Elşad Miri cəmiyyətdə dindarların dini nöqteyi-nəzərdən əks fikirlilərə qarşı aqressiv olduğuna dair iddialara münasibət bildirərkən deyib:

O, bunun birbaşa insanın özündən asılı olduğunu deyib: “Bu, əslində, insanın içindəki eqoyla bağlı olan bir məsələdir. Yəni, insanlar özlərini başqalarından üstün görməyə çalışır. Bunu da tətbiq edirlər.

Bəzi dindar özünün dinə bağlı olmasını əsas gətirərək Allaha yaxın olduğunu düşünür. Bununla da dindar dinə münasibəti loyal olmayanlara qarşı özünü bir növ üstün hesab edir, qarşı tərəf də onlara cahil olduğunu, elmli olmadığını, elmlə cavab verə bilmədiyini iddia edərək dindarları eyni şəkildə görməyə çalışır. Bu, hər iki tərəfin də cəhalətidir.

Biz Qurana baxdığımız zaman Allahın insana seçim hüququ verdiyini görərik. “Kəhf” surəsinin 29-cu ayəsində “istəyən iman gətirsin, istəyən də inkar eləsin” ayəsi var, bundan başqa, “İnsan” surəsinin 3-cü ayəsində Allah “istəyən şükür eləsin, istəyən də naşükür olsun” buyurur.

Bir insanın Allahı qəbul etməyi və ya inkar etməyilə Allahın Allahlığı artıb-azalmır. Ona görə də bu məsələ insanla birbaşa əlaqəlidir. Peyğəmbərimizə (s.ə.v) Quran ayələri gəlməyə başlayanda orada yaşayanlar dindar idimi, Peyğəmbər (s.ə.v) özünü yüksəkmi görürdü?! O, sadəcə üzərinə düşən insanlıq missiyasını yerinə yetirməyə çalışırdı. Allah Quranda peyğəmbərdən bəhs edərkən sahibikum-yəni, insanların dostu olduğunu bildirir. Əks fikirli insanlarla dostumuzla necə rəftar ediriksə, fikirlərimizə əks mövqeli insanlarla da elə olmalıyıq”.

İlahiyyatçı dindarlara qarşı dini düşüncəsinə görə aqressiv olan adamların çox vaxt bunu qəsdən etdiyini deyib: “Özünü dinsiz və yaxud da ateist, deist, aqnostik sayan insanlar var ki, bunların sayı dindarlarla müqayisədə təbii ki azdır. Bunlar da özlərinin doğru olduğunu hər hansı bir şəkildə təqdim etməyə çalışanda belə problemlər yaranır. Bu insanlar dinlə bağlı statuslar paylaşanda dindarların düşüncəsini təhqir etmədən sorğulayıcı bir sual işarəsi qoyaraq məsələləri gündəmə gətirsələr, heç bir problemlər olmaz. Dindarların düşüncəsinə lağlağı, məzhəkə ilə yanaşılanda təbii ki, bu da dindarlarda avtomatik olaraq aqressiya formalaşdıracaq. Bu isə gələcək qarşıdurmaların əsasını qoyur”.