Azəriqaz smart sayğacları mexaniki sayğaclarla əvəzləyir – Səbəb nədir?backend

Azəriqaz smart sayğacları mexaniki sayğaclarla əvəzləyir – Səbəb nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi abunəçilərin smart tipli müasir sayğaclarını yenidən mexaniki tip sayğaclarla əvəz etməyə başlayıb. Hazırda əhali tərəfindən istismarda olan Fransanın Gallus şirkətinə məxsus smart kart tipli sayğaclar Türkiyənin Natek Enerji şirkətinə məxsus mexaniki tipli sayğaclarla əvəz olunur. 

NOCOMMENT.az olaraq sözügedən məsələ ilə bağlı narahatçılığını bildirən əhali abonent qruplarının suallarına aydınlıq gətirməyə çalışdıq. Müsahibimiz “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovdur.

– Cəmiyyətdə bütün sahələrdə müasirləşmə, elektronlaşdırma və ən müasir texnoloji imkanlardan istifadəyə üstünlük verildiyi bir vaxtda, vaxtilə quraşdırılmış smart tipli sayğacların yenidən mexaniki tipli sayğaclar ilə dəyişdirilməsinə nə idi zərurət?

– Dünya enerji bazarında qiymətlərdə, gəlirlərdə dalğalanmalar var və sözsüz ki, Azərbaycan iqtisadiyyatına bunlar təsirsiz ötüşmür. Bu baxımdan biz də özümüzün maliyyə məsələlərinə yenidən baxmalı olmuşuq. Əksər satınalma proseslərini dayandırdıq. Yalnız qazlaşdırma ilə bağlı Dövlət Proqramının icrası üçün zəruri olan satınalma işlərini saxladıq. Maliyyə məsələlərində bir dönüşün yaradılması və xərclərə yenidən baxılması üçün o qədər də zəruri olmayan işləri də saxladıq. O cümlədən, smart tipli sayğaclarla bağlı.

– Nəyə görə vaxtilə quraşdırılmış smart tipli sayğaclar hazırda mexaniki sayğaclarla əvəz olunur?

– Smart tipli sayğaclar adi mexaniki sayğaclardan 3 dəfəyə qədər baha başa gəlir. Normalda 1 smart tipli sayğacın komplekti 220-240 manat, mexaniki sayğacların komplekti isə 70-90 manat arası dəyişir. Bütün bunları da nəzərə alaraq biz üstünlük veririk mexaniki sayğacların alınmasına. Bu eyni zamanda valyutanın məzənnəsindən də asılıdır.

– Bəs, ümumilikdə yeni qoyulmuş sayğacların dəyişdirilməsinə ehtiyac var idimi?

– Hazırda əhali istehlakçı qrupunda dövlət yoxlanışı müddəti 5 ildən birdir ki, bu müddətdən bir sayğacların da yeniləri ilə əvəzlənməsi həyata keçirilir. Yalnız bina evlərində smart kart tipli sayğacların ehtiyat fondumuzda olan mövcud yeni smart kart tipli sayğaclar ilə yenilənməsinə çalışırıq.
Eyni zamanda bildirmək istəyirəm ki, smart kart tipli sayğaclardan tamamilə imtina etməmişik. Çünki, bina evlərində və MTK-lar tərəfindən tikilən yeni kooperativ binalarda smart tipli sayğaclar yerləşdirilir. Bu məqsədlə də müəyyən miqdarda smart kart tipli sayğacların alınması davam etdirilir.

– Hazırda quraşdırılan mexaniki sayğaclar smart kart tipli sayğacların effektivliyini qoruya biləcəkmi?

– Bu gün quraşdırılan mexaniki tipli sayğaclar yenidir və Almaniyanın Zenir şirkəti tərəfindən istehsal olunur. Hər iki sayğacın tərkibində və quruluşunda elektron element var.

– Mexaniki sayğacların hansısa bir fərqli üstünlük cəhətləri varmı?

– Hazırda quraşdırılan yeni mexaniki sayğaclara onlayn olaraq bankomatlardan da ödəniş etmək mümkündür. Smart tipli sayğaclar isə oflayn işlədiyi ümün onlarda onlayn ödəniş etmək mümkün deyil. Eyni zamanda mexaniki sayğaclarda bildiriş aldıqdan 30 gün müddətinə abunəçi tərəfindən ödəniş etmək mümkündür. Ən əsas üstünlük isə onlayn ödənişin olmasıdır.
Onu da qeyd edək ki, əvvəllər smart kart tipli sayğacları Fransa şirkətindən alırdıq ki, hazırda bu sayğacları daha münasib şərtlərlə Almaniyanın Zenir şirkətindən almaqla bağlı qərar qəbul etmişik.

– Abunəçinin dəyişdirilən smart kart tipli sayğacının balansında olan vəsait mexaniki sayğaca necə transfer olaraq köçürüləcək?

– Mərkəzi baza üzərindən abunəçinin balansında olan vəsait yeni mexaniki sayğacın balansına transfer olunur. Minimim 10 gün, maksimum 30 gün ərzində m3 həcmində qalan balans pul miqdarında mexaniki sayğaclara transfer olunur. Məsələn, abunəçinin balansında 5 manatlıq balans var. Elektron bazadan mexaniki sayğac bazasına bu məbləğ 10-30 gün müddətində digər bazaya otuzdurulur. Əgər vətəndaşa əvvəlki smart kart tipli sayğacın bazasındakı vəsait yeni quraşdırılan sayğacın bazasına oturmadıqda, vətəndaşlar narahat olmasınlar, o vəsit növbəti ayın bazasında pul həcmində görsənəcək və burada heç bir itkidən söhbət gedə bilməz.

NOCOMMENT.az