Ötən gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verildiyi ilə xəbərlər yayıldı.
Partlayış nəticəsində müəssisənin əməkdaşı , ehtiyatda olan mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş Adil Balaş oğlu İsmayılov həlak olub. Yardımlının Arus kəndindən olan 1969-cu il təvəllüdlü mayor ailəli idi, 3 övladı və 4 nəvəsi olub.
Mərhum mayor İsmayılov 2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-də tez-tez belə partlayışların olması düşündürücü haldır. Son 5 ildə ölkəmizin hərbi qüdrətinə xidmət edən zavodda partlayışın olması nəinki Şirvan ərazisində yaşayanları, hamımızı narahat edir.
2022-ci ilin iyun ayı – Zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Hadisə zamanı Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb.
Hadisə yeni seriyası istehsal edilmiş və şərti adı “Maral” olan minaatan mərmisinin sınağı zamanı baş verib. Mərmi 60 mm-lik HM14 tipli minaatana daxil edilərkən lülə hissəsində partlayış olub. Bu zaman baş konstruktor R.Almazov xəsarətlər alıb. Sınaq prosesində iştirak edən zavodun baş mühəndisi Saməddin Səfərov onu xəstəxanaya çatdırıb.
2023-cü il iyul ayı – M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
Partlayışda ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu, xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirildi.
2024-cü il yanvar ayı – Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan Şəhər Prokurorluğuna məlumat daxil olub.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 millimetrlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi səbəb olub. Hadisə nəticəsində 3 nəfərin – 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.
Son 10 ildə zavodda ən böyük partlayış 2016-cı ilin iyul ayında baş verib.
Partlayış zamanı zavodun sürücüsü Ağamir Məmmədov və çilingər İlhamə Nuriyeva həlak olub. Zavodun daha 24 əməkdaşı yaralanıb.
Bizim qürurumuz olan dövlətimizin , ordumuzun gücü -qüdrəti hesab olunan silah sənayemizdə belə neqativ halların olması hər bir vətəndaşı narahat edir!

Əntiqə Rəşid













