Bakı aeroportu rekorda imza atdıbackend

Bakı aeroportu rekorda imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk ayında Azərbaycanın əsas hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu 360 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illərin yanvar ayı üzrə rekord göstəricidir.

Bu barədə NOCOMMENT.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, 2023-cü ilin əvvəlindən ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 420 min nəfərdən çox təşkil edib.

Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta Airways” müvafiq olaraq 132 min və 47 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 37% təşkil edib.

2023-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 27 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “flyDubai” aviaşirkətləri ilə daşınıb.

Yanvar ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Mineralnıye Vodı, Ciddə, Şarja və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 221 min sərnişinə xidmət göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.