“Bakı Metropoliteni” QSC “Həzi Aslanov” stansiyasının divarının yararsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibətini bildirib.
NOCOMMENT.az -ın xəbərinə görə, səhmdar cəmiyyətindən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, stansiya 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib.
Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.
Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur.














