Bakı sakini uzun illərdir müştərisi olduğunu bildirdiyi “Baku Electronics” mağazalar şəbəkəsindən narazılıq edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şikayətçi sosial şəbəkələrdə paylaşımlarında qeyd edib ki, o, sentyabr ayında iPhone 17 Pro Max modeli üçün sifariş verib və ödənişi rəsmiləşdirib. Lakin cihazın təhvil verilməsi dəfələrlə təxirə salınıb.
Onun sözlərinə görə, mağaza əvvəlcə telefonu bir həftə ərzində çatdıracağını bildirib. Daha sonra sifarişin hazır olduğu deyilsə də, sonradan məhsulun stokda olmadığı bildirilib. Müştəri iddia edir ki, mağaza əməkdaşları ona “məhsul məhduddur, kimə nəsib olsa, o alacaq” kimi izahlar veriblər.
Şikayətçi məsələ ilə bağlı “143” çağrı mərkəzinə də müraciət etdiyini, lakin nəticə əldə etmədiyini qeyd edib:
“İllərdir oradan alış-veriş edirəm, güvənirdim. Amma bu dəfə sifarişim dəfələrlə geri çevrildi. Telefonun qiymətinin dəyişdiyi deyilərək proses uzadıldı. Mənə izah edirlər ki, 5-6 ədəd gəlir, kimə düşdüsə, düşdü.”
32gun.az xatırladır ki, SAEID NAKHJAVANI uzun müddətdir “Baku Electronics” mağazalar şəbəkəsində direktor vəzifəsində çalışır, qanuni təmsilçisidir.













