Bayram Səfərov HARALARDADIR…backend

Bayram Səfərov HARALARDADIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun adı respublika ictimaiyyətinə yaxşı tanışdır.

Əvəllər həm də Qarabağın Azərbaycanlı İcmasının sədri olan Bayram müəllim tez-tez işğalçı Ermənistana yönəlik səs-küylü açıqlamalar verir, bəzən də media onu hansısa qalmaqalların episentrində təqdim edirdi. Amma son vaxtlar Bayram Səfərovun səsi-sorağı demək olar ki gəlmir… Hətta bu səbəbdən onun tutduğu rəsmi vəzifələrdən azad edildiyini düşünüənlər də var.

NOCOMMENT xəbər verir ki, modern.az saytında “…haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının keçmiş sədri Bayram Səfərovun harada olduğunu öyrənib.

Şuşa Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bayram Səfərov hazırda işinin başındadıdır. İcra Hakimiyyəti müvəqqəti olaraq Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşir.

Məlum oldu ki, Bayram müəllim sonuncu dəfə mayın 12-də ictimai tədbirdə iştirak edib.

Həmin tədbir əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa rayon tam orta məktəbində təşkil olunub.

İcra başçısı orada şuşalılarla növbəti səyyar görüş keçirib. Bayram Səfərov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək, onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

“Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara yönəldilməsi istiqamətində zəruri addımlar atılacaq”,-deyə Şuşa Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib.

Bayram Səfərov mayın 12-də Mərdəkan qəsəbəsində səyyar-qəbul keçirərkən Şuşada da “Xarıbülbül” musiqi festivalı təşkil olunmuşdu.

Ötənilki festivalda iştirak edən Şuşanın icra başçısının builki tədbirə getməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bayram Səfərovun “Xarıbülbül” musiqi festivalında görünməməsi müzakirə iştirakçılarında müxtəlif suallar doğurub.

Qeyd edək ki, ölkə başçısı bir müddətdir Qarabağ rayonları üzrə dövlət idarəçiliyini təkmilləşdirmək və daha çevik, müasir metodlarla işləmək məqsədilə xüsusi nümayəndəliklər təsis etməyə başlayıb.

27 yanvar 2021-ci il tarixində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib və bu vəzifə Aydın Zöhrab oğlu Kərimova həvalə olunub. Elə “Xarıbülbül” musiqi festivalının təşkilatçılığında da Şuşa Rayon İcra Hakimiyyəti deyil, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi aktiv iştirak edib.

Yeri gəlmişkən, ölkə başçısı bu yaxınlarda verdiyi açıqlamaların birində qeyd edib ki, Qarabağda sınaqdan keçirilən yeni sistem yekun sınaqlar bitəndən sonra Azərbaycanın digər ərazilərinə də tətbiq olunacaq və bununla da bölgələrdə dövlət idarəçiliyi təkmilləşdiriləcək.

Dövlət baçısısı dolaysı ilə İcra hakimiyyətlərinin ləğv olunacağının anonsunu verib. Şübhəsiz ki, İcra hakimiyyətlərinin ləğvi Şuşa Rayon İcra Hakimiyyətindən yan keçməyəcək.

İstisna deyil ki, Bayram Səfərovun da rəsmi tədbirlərdə az-az görünməsi idarəetmədə İcra hakimiyyətlərinin arxa plana keçməsilə əlaqədardı.

Bayram Əsəd oğlu Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Əvəllər Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Daha sonra “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) çalışıb.

2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib və 2018-ci ilin dekabr ayına kimi həmin vəzifədə fəaliyyət göstərib.

17 aprel 2016-ci il tarixdə Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.