Bayramla bağlı ikitirəlik yarandı – İran agenturasının təxribatıbackend

Bayramla bağlı ikitirəlik yarandı – İran agenturasının təxribatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il olduğu kimi, bu il də Ramazan bayramı ilə bağlı fikir ayrılığı yaranıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya önəm verməyən şəxslər, bu gün də insanlar arasında çaşqınlıq yaratmağa çalışdılar. Nədənsə, bəziləri İranda ayın görünmədiyini iddia edərək, bu gün oruc tutmaq gərəkdiyini bildirirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bu gün oruc tutmağın günah olduğunu bildirib.

Fuad Nurullayev

O,  bayram namazının artıq qılındığını deyib:

“Biz rəsədxanamızın elmi imkanlarından istifadə edərək, ayın təyinatını dəqiqləşdiririk və onunla əlaqəli bayramın olub-olmamasını elan edirik. Rəsədxanananın elmi əsaslarına söykənərək, bütün ölkə üzrə bayramın bu gün olmasını elan etmişik. Artıq bayram namazı qılınıb, oruc tutmaq olmaz”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bayramın bu gün olduğunu deyib:

“Təəssüf ki, hər il olduğu kimi, bu il də müəyyən qruplar, müsəlmançılıqdan nəsibini ala bilməyən insanlar bayramı hər kəslə eyni gündə qeyd etmədilər, müsəlmanlar arasında çaşqınlıq yaratdılar. Əvvəldən də deyilmişdi ki, ölkəmizdə Ramazan bayramı aprelin 21-də qeyd ediləcək. Əfsuslar olsun ki, bir sıra qruplar yenə də insanların birliyini pozmağa çalışdılar, bayramın bu gün yox, sabah olması barədə təbliğat apardılar. Dünəndən bu yana insanlarımızın böyük əksəriyyəti narahatlıq içindədir”.

Ceyhun Məmmədov

C.Məmmədov bu qrupların müəyyən bir hissəsinin xaricdən idarə olunduğunu qeyd edib:

“Onlar yenə də Azərbaycan dövlətinə, ölkəmizin dindarlarına əzələ nümayiş etdirməyə çalışdılar. İnsanlar bilməlidirlər ki, bu, məqsədli şəkildə atılan addımdır, Azərbaycanda birliyi, həmrəyliyi pozmaq üçün görülən bir işdir. Vətəndaşlarımız belə oyunlara getməməlidirlər. QMİ artıq fətva verib və bayramın bu gün olduğunu elan edib.

Bu gün bayramın olmaması ilə bağlı çağırışlar kökündən yanlışdır və bu, dinimizdə böyük günahdır. Dinimizdə insanlar arasında birliyi, həmrəyliyi pozmaqdan böyük günah yoxdur. Özlərini dindar adlandıranlar bilsinlər ki, belə bir addımla onlar böyük günah işlətmiş oldular”.