Türkiyənin Antalya şəhərində korrupsiya istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı Antalya Böyükşəhər Bələdiyyəsinin meri Muhittin Böcekin gəlini Zuhal Böcek saxlanılıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilən əməliyyat həm də Antalya Böyükşəhər Bələdiyyəsinin törəmə müəssisəsi olan ANSET-i əhatə edib. Araşdırma çərçivəsində ümumilikdə 34 nəfər haqqında həbs qərarı verilib.
İstintaq materiallarında Zuhal Böcekin dördüncü şübhəli kimi yer aldığı və onun hesabında mənimsəmə yolu ilə əldə edildiyi ehtimal olunan 10,7 milyon türk lirəsinin aşkarlandığı bildirilib. Məlumata əsasən, bu vəsaitin bir hissəsi depozit hesabında saxlanılıb və faiz gəlirləri ilə birlikdə məbləğ artıb.
İstintaq çərçivəsində irəli sürülən ittihamlar arasında “cinayətkar təşkilat yaratmaq”, “rüşvətxorluq”, “ağır dələduzluq”, “tender saxtakarlığı” və “şəxsi məlumatların qanunsuz əldə edilməsi” kimi ciddi maddələr yer alır.
Bundan əlavə, Zuhal Böcekin ifadəsində bələdiyyə ilə əlaqəli şəxslər və şirkətlərlə maliyyə münasibətləri, həmçinin bu əlaqələr vasitəsilə əldə edildiyi iddia olunan aktivlər barədə məlumat verdiyi qeyd olunur. İstintaq materiallarına daxil edilən WhatsApp yazışmalarında isə iri məbləğli vəsaitlərin dövriyyəsinə dair şübhəli ifadələrin yer aldığı bildirilir.
Digər tərəfdən, Muhittin Böcekin oğlu və gəlini yayılan ittihamların əsassız olduğunu bildirərək, bunun ailələrinə qarşı aparılan “qarayaxma kampaniyası” olduğunu bəyan ediblər. Onlar hüquqi mübarizə aparacaqlarını və ədalətin qalib gələcəyinə inandıqlarını vurğulayıblar.
Hazırda istintaq davam edir və hadisənin Türkiyə gündəmində uzun müddət müzakirə olunacağı gözlənilir.










