Bəxtiyar Hacıyev sərbəst buraxıldı: Vilayət Eyvazovla bağlı postları sildirdilərbackend

Bəxtiyar Hacıyev sərbəst buraxıldı: Vilayət Eyvazovla bağlı postları sildirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəxtiyar Hacıyev sərbəst buraxılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə onun özü feysbukda yazıb.

“Düz 4 ay bundan əvvəl axşam saatlarında başında maskalı şəxslər tərəfindən şəhərin mərkəzindən oğurlanmışdım. V. Eyvazov və F.Muradovla bağlı postları sildirmişdilər. DİN guya araşdırırdı, tapmırdı.

Düz 4 ay sonra gündüz saatlarında yenə şəhərin mərkəzində mülki şəxslər tərəfindən oğurlandım. Bu dəfə də V.Eyvazov və F. Muradovla bağlı postları sildirdilər. Bu dəfə maskasız, Baş İdarədə.

Məncə, artıq şərhə ehtiyac yoxdur. Ətraflı yazacağam”, – deyə o bildirib.

Növbəti paylaşımında isə hadisənin təfərrüatını danışıb: “Bu gün piyada ofisə gedərkən yolda dayanmış bir avtomobildə iki nəfərin mənə baxdığını, məni izlədiyini gördüm. Bir az irəlilədikdən sonra mülki geyimdəki bir şəxs mənə tərəf qaçmağa, məni tutmağa başladı, mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq, yaxınlaşan şəxsin kim olmasını bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdi, bir neçə nəfər zorakılıqla məni maşına mindirməyə çalışdılar. Bu müddətdə imkan tapıb, canlı yayım aça bildim ki, ictimaiyyətin xəbəri olsun.

Məni “Banditizm”ə apardılar, maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar.

Ə.Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi, dedi biz güc nazirliyiyik, sənlə güclə danışırıq, gücümüzü nümayiş etdiririk, bir də belə olsa, səni həbsə göndərəcəm.

Sonra qaldırdılar yuxarı mərtəbəyə, Fuad Muradovu gətirdilər, o da gəlib mənə dövlətçilik dərsi keçdi, profilaktik söhbət etdi. Mən vəkil tələb etsəm də, təmin etmədilər. Bir müddət sonra ekranını çatlatdıqları telefonumu gətirdilər, V.Eyvazovla bağlı postları silməyi tələb etdilər. Bu arada F.Muradovla bağlı postları da sildirdilər. (4 ay əvvəl maskalı şəxslər tərəfindən oğurlananda da F.Muradov və Eyvazovla bağlı postları sildirmişdilər). Postları sildirərkən əməliyyatçılardan biri öz saxta feysbuk profilindən yoxlayırdı, profil fotosunda Əli Kərimlinin fotosunu qoymuşdu (çox güman ki, bu foto ilə cəbhəçilərin etibarını qazanıb, dostluqlarına girib, izləmək üçün).

Sonra yenidən Ə. Rzayevin yanına gətirdilər, o da növbəti dəfə məni hədələdi ki, bir də polis, nazirimiz haqqında xoşagəlməz nə isə yazsan, gücümüzü başqa formada göstərəcəyik. Mən də nə onun, nə də hakimiyyətin əbədi güc sahibi olmayacağını dedim, uzun həyat arzuladım ki, əlində güc olmayanda indi etdiklərinin cavabını görməyə ömrü bəs eləsin.

Daha sonra əməliyyatçılar tranzit nömrəli maşınla məni gətirib ofisimizin qarşısında düşürdülər.

Faktiki olaraq dövlət vətəndaşla bandit kimi davranır… Bir gün inşallah gün gələcək, dövran dönəcək, bu gün etdiklərinə görə cavab verəcəklər”.