Bir ildir ki, soydaşlarımız qürurla “Biz qaçqın deyilik” söyləyirlərbackend

Bir ildir ki, soydaşlarımız qürurla “Biz qaçqın deyilik” söyləyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“30 ildən sonra nail olduğumuz, dünyaya səs salan tarixi Zəfərimizdən bizləri bir illik zaman məsafəsi ayırır. Bu bir il 30 illik işğal dövrünün reallıqlarını yenidən nəzərdən keçirməyə böyük imkanlar yaratdı. Bu baxımdan ki, 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibətləri münaqişənin həlli prosesinin hansı səbəblərdən 30 il uzanmasına işıq saldı”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq öz xalqına Qələbəni bəxş edən rəşadətli orduya çevrilib:

“Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasəti, apardığı islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev qətiyyətli Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. Nəticədə qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində tətbiq etdiyi dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə, hətta ən mükəmməl silahlı qüvvələrə malik olan supergücləri belə heyrətləndirdi. Xalqımızın ordumuza inam və etibarı özünü tamamilə doğrultdu.

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Eyni zamanda, Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda olduğunu real müharibə meydanında isbat etdi. Heç də təsadüfi deyil ki, bu gün cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başlamasından İkinci Qarabağ müharibəsi alovlanana qədər keçən 17 ildə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində davamlı fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bütün bunların nəticəsidir ki, bu gün biz qalib Azərbaycan Respublikasının vətəndaşları olaraq bütün dünyaya fəxrlə və qürurla bəyan edirik ki, yenilməz ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək iqtidarındadır.

Bütün təzyiqlərə baxmayaraq Azərbaycan müharibəni bir gün belə dayandırmadı. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsini təqdim etdi. Sübut olundu ki, iki dost ölkə qədər biri-birinə yaxın ikinci ölkələr tapmaq çətindir. Müharibə dövründə işğal altında olan torpaqlarımızı necə azad etmişdiksə, bu gün də ölkəmizə dost, qardaş münasibəti bəsləyən dövlətlərin dəstəyi, iştirakı ilə bərpa və quruculuq işləri həyata keçirilir. İşğaldan azad edilmiş torpaqlarımıza ilk dövlət başçısı olaraq səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanına xarici uçuşu həyata keçirən birinci ölkə Prezidenti oldu

Azərbaycan oğulları Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Bununla da ermənilərin öz orduları haqqında uzun illər uydurduqları mif sabun köpüyü kimi partladı. Cəmi 44 gün ərzində bu “yenilməz ordu” məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini təkcə erməni işğalçılarına deyil, eyni zamanda, onların havadarlarına əyani surətdə göstərdi.

Dövlət başçısı xalqa bütün müraciətlərində erməni vandalizmindən geniş bəhs edir, bildirirdi ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə necə susmağı, seyrçi mövqedə dayanmağı özləri üçün, daha dəqiq desək, maraqlarının icrası üçün çıxış yolu hesab edirdilərsə, Vətən müharibəsi dövründə də eyni ab-havanı nümayiş etdirirlər. Cənab İlham Əliyev eyni zamanda, xəbərdarlıq edirdi ki, bu cür addım atanlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Xüsusilə müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-lərə müsahibələrində tutarlı faktlarla bəyan edirdi ki, ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir.

Soydaşlarımıza verilən ümid və inam fonunda yeni bir nəsil yetişdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızı işğaldan azad edən gənclər 2003-cü ildən bu yana formalaşan gənclərdir. Artıq bir ildir ki, soydaşlarımız qürurla “Biz qaçqın deyilik” söyləyərək Böyük Qayıdışa hazırlaşırlar. Qeyd etdiyimiz kimi, dövlətimiz 30 illik işğal dövründə qaçqın və məcburi köçkünlərə nə qədər yüksək şərait yaratsa da, onların öz torpaqlarına qayıtmaq istəkləri üzlərindəki nisgildən, gözlərindəki qəm-qüssədən hiss olunurdu. Elə bu ümidlə də gəlib torpaqlarına qovuşdular.

Dövlət başçısının Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu il həmin tarix bizi böyük Zəfərə aparan 44 günlük müharibənin ilk günü kimi dövlət səviyyəsində qeyd edildi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində rəsmi səviyyədə yürüş təşkil edildi.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin, itkin düşən hərbçilərimizin və terrorçu Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Təbii ki, bu yürüşü bütün dünya izlədi. Xalqımız bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Sentyabrın 27-də Bakıda keçirilən yürüş qalib Azərbaycanın yenilməz xalqının yürüşü idi. Məhz bu baxımdan qeyd edə bilərik ki, 27 sentyabrı təkcə Anım deyil, həmçinin Şərəf Günümüz kimi də dəyərləndiririk.

Artıq 8 Noyabr – Zəfər Günümüzə sayılı günlər qalır. 44 günlük Vətən müharibəsinin birinci ildönümü milli iradəmizin, milli ruhumuzun, milli ləyaqətimizin təntənəsi kimi təzahür etdi. Prezident İlham Əliyevin də xalqa müraciətində qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücümüzü səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Məhz buna görə də böyük qürur hissi ilə, uca səslə deyirik: Qələbən mübarək, Azərbaycan! Qələbən mübarək, Azərbaycan xalqı!

Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmizin həyatında, regionda və dünyada yeni reallıqlar formalaşıb, yeni dövr başlayıb. Xalqımız əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün də hədəflərinə nail olacağıq. Tezliklə doğma Qarabağımız cənnətə çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Sən yenilməz, məğrur millət olduğunu bir daha bütün dünyaya sübut etdin, Azərbaycan xalqı!”.