Böhranı fürsətə çevirməyi bacaran sahibkar daha irəli getmiş olur – İlham Məmmədovbackend

Böhranı fürsətə çevirməyi bacaran sahibkar daha irəli getmiş olur – İlham Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Social Lab” Rəqəmsal marketinq və PR şirkətinin rəhbəri İlham Məmmədov Fins.az-a müsahibə verib.

NOCOMMENT.az  müsahibəni təqdim edir:

– Şirkət nə zamandan fəaliyyət göstərir və əsas iş prinsipi nədir?

– 2021-ci ildə öz şirkətimizi təsis etdik. Biz əsasən xidmət və məhsul satışı edən subyektlərin biznesinin və ya fəaliyyətinin rəqəmsal platformalarda reklamı ilə məşğuluq.

Bu yaxınlarda MARSOL Qrup üzvələri ilə ənənəvi təşkil edilən görüşlərin birində  “PR-ın (İctimaiyyətlə əlaqələr) biznesin inkişafında rolu” adlı kiçik bir təqdimat ilə çıxış etdim. Bu isə öz növbəsində müasir biznes yanaşmasında sahibkarların rəqəmsal marketinq və PR-a verdiyi önəmi göstərirdi. Ümumiyətlə, sahibkar öz sahəsində ənənəvi reklam ilə yanaşı müasir rəqəmsal PR alətlərinə də önəm verməli və bütün mümkün vasitələrdən istifadə etməlidir. Bəzən sahibkar investisiya yatıraraq təsəvvüründəki biznesini qurur, lakin bir yerdən sonra müəyyən çətinliklər başlayır. Həmin biznes sahibi ki, müasir marketinq və PR alətlərindən vaxtında və düzgün istifadə edirsə, o zaman rəqiblərindən öndə olmaq və bazarda rəqabətə qabiliyyətliliyini qoruyub saxlaya bilir.

– Müasir biznesdə rəqəmsal marketinq və PR-ın rolu nədir?

– İş adamları ilə görüşlərdə də baxırıq ki, artıq 1990-cı ilin sahibkarları deyillər. Bir sözlə, sahibkarlar müəssisənin qısa müddətli və uzun müddətli strategiyaları üzərindən yola çıxırlar. Təcrübə göstərir ki, bir sahibkar şirkətini böyütdükdə onun hüquqi, maliyyə və PR tərəfi təcrübəli mütəxəssislərə etibar edildikdə və peşəkar icra olunduqda, bir o qədər də şirkətin inkişafında geniş rol oynayır.

Bu gün bir məhsulun ənənəvi küçə reklamlarından söhbət gedirsə, burada bir neçə məqamlar düzgün seçilməlidir. Yəni ki, reklam auditoriyaya uyğun olmalı, insan sıxlığı, reklamın yerləşdirildiyi məkan və zaman düzgün seçilməlidir. Ən başlıcası isə verilən mesaj optimal olmalıdır.

Məhsul və ya xidmətin tanıdılmasında aktiv olaraq sosial layihələrdə iştirak etməli, TV və radio layihələrdə iştirakını təmin edilməsi də önəmli amillərdən hesab olunur. Hesab edirəm ki, sosial platformalarda aktiv şəkildə təmsil olunma bu günün ən zəruri təlabatıdır.

Tək biznes deyil, bu gün müharibələr belə texnologiyalar, rəqəmsal texnoloji üstünlükləri olan tərəflərin qalibiyyəti ilə nəticələnir. Peşəkar rəqəmsal marketinq həyata keçirdikdə, bu prorssesləri aydın şəkildə görə bilirik. Yəni, müəyyən edilmiş bəlli bir  büdcə ilə reklamı hədəfə doğru idarə edə və gedişatı istənilən an dəyişə və istiqamətləndirə bilirsən. Rəqəmsal reklamların ən gözəl üstünlüklərindən biri odur ki, həyata keçirdiyin reklamların aktivliyini, yatırdığın investisiyanı ən xırdalığına qədər izləyə bilirsən.

– Hazırda hansı növ PR və yaxud reklam strategiyası məqbul hesab olunur?

– Belə deyək, biraz əvvələ getsək, ictimaiyyətlə subyekt arasında korporativ əlaqə birtərəfli olmamalıdır. Yəni qarşılıqlı və ahəngdar şəkildə baş verməlidir. İlk vaxtlar PR, ictimaiyyətə mesajların ötürülməsi qəzetlər üzərindən aparılırdı. Daha sonra radio, televiziya və internet mediası yarandı. Bundan sonra isə sosial media meydana çıxdı və vətəndaş jurnalistikası yarandı. Şərti olaraq, bir şəxs hər hansısa hadisənin şahidi olursa, onu qeyd edir və həmin hadisə kiçik bir subyektiv və ya obyektiv şərh üzərindən xəbər halını alır və bu sosial platformalar üzərindən sürətlə yayılmağa başlayır. Artıq burada xəbərin necə rezonans doğuracağı onun çəkisindən asılıdır. Bu da vətəndaş jurnalistikasıdır. Bu, sahibkar üçün çox önəmlidir. Bundan qaçmaq isə sahibkar və ya hər hansı bir subyekt üçün mənfi hallar ilə nəticələnə bilir. Qaçacaqsansa, geriləmiş olacaqsan. Ümumiyyətlə, baş vermiş hər hansı bir böhran halından qaçmaq və ya buna susmaq qəti olaraq olmaz! Əksinə, üzərinə gedəcəksən və məsələyə aydınlıq gətirərək ictimaiyyətə bunu aydınlatacaqsan. Bu səbəbdən də böhranı fürsətə çevirməyi bacaran sahibkar daha irəli getmiş olur və ayaq üstə qala bilir.

Bu gün sahibkar PR strategiyasının yazılmasını istəyir. Gəlin ilk olaraq baxaq görək ki, sahibkarın özünün, yəni hələ şirkətinin fəaliyyəti ilə bağlı hər hansı bir strategiyası varmı? Bax, bu olduqca önəmli bir məqamdır. Marketinq, satış və PR-bunlar biri-birini dəstəkli və bir-birinə zəncirvari ötürülməlidir.

Bu gün əsasən uzun müddətli reklam və PR strategiyaları qurulmalı və idarə olunmalıdır.

Sahibkar deyir ki, filan məhsulumu və ya xidmətimi filan yerdə yerləşdirmək istəyirəm. Artıq reklamı onun istəkləri və nəzərdə tutduğu büdcə üzərindən aparmaq və daha peşəkar məsləhətlər verərək bu işləri aparırıq.

– Markentiq sahəsində sahibkarların əsas üzləşdiyi problemlər nədir?

– Problem deməzdim, müəyyən çətinliklərdən söhbət gedə bilər. Bu isə sahibkarlığın vizionu ilə əlaqələlidir. Sahibkar investordur, qurduğu biznesinin ideya müəllifidir. Biznesinin ruhunu duyur və hiss edir. Lakin bu işin ayaq üstə qalması və bazarda rəqabətə davam gətirməsi üçün İnsan Resursları, maliyyə, marketinq, satış, PR və digər sektorlara peşəkarları cəlb etməli və onlara işləmək üçün şərait yaratmalıdır. Əfsuslar olsun ki, bəzən sahibkar həmin sahələrə mütəxəssislər cəlb edir və onları bəlli bir çərçivəyə salaraq, işin aparılmasını tələb edir. Bu isə heç də hər zaman müsbət nəticə vermir. Bəzən də sahibkar dəvət edərək cəlb etdiyi mütəxəssisə məsuliyyət verir, lakin görəv, yetki vermir. Hesab edirəm ki, peşəkar mütəxəssis cəlb edildikdə, onlara kifayət qədər yetki və sərbəstlik də verilməlidir.

– Azərbaycanda marketoloqların iş prinsipini qənaətbəxş hesab etmək olar?

– Mən bir media və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisəm və bu sahədən danışa bilərəm. Az öncə qeyd etdiyim kimi, istənilən sahibkar komandasında yaxşı marketoloqlar saxlamalı və birlikdə düşünməlidirlər. İstər kiçik, istərsə də orta biznes sahibkarları olsun, ilkin olaraq, bunun əsasında investor tutur. İnvestorun isə məsələlərə baxış bucağı olmalıdır. Sahibkar bunun üzərindən yola çıxır. Müştəri bazasını formalaşdırmaq, qiymət siyasətini qurmaq və bütün bunları idarə edə bilirsənsə, sənin satışın stabil və yüksələn artım tempi ilə irəliləyəcək.

– Yeni biznesə başlayan və ümumiyyətlə, gənclərə nəyi məsləhət görürsünüz.

– İstər yeni başlayan, istərsə də artıq bazarda öz sözünü demiş sahibkarlara məsləhət deməzdim, tövsiyyəm budur ki, ənənəvi marketinq ilə yanaşı bizneslərini rəqəmsal platformalarda da genişləndirsinlər. Trendlər sürətlə dəyişir və bu baxımdan da rəqəmsal marketinq və PR alətlərindən düzgün istifadə edilməsi zərurəti yaranır və buna əməl edilməsi də qaçılmazdır. Ağıllı sahibkarlar məhsul və ya xidmətini, markasını tanıtmaqla yanaşı, həm də sevdirməyi bacarmalıdır.