“Bu cür saxta mallar ən çox “Sədərək”də satılır” – Ekspertbackend

“Bu cür saxta mallar ən çox “Sədərək”də satılır” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt zonası, Saray qəsəbəsi saxta malların, yuyucu toz və duzların hazırlandığı bir ərazidir. Çox təəssüf ki, yerli icra hakimiyyəti orqanları bu məsələdə passivlik göstərirlər. Bu səbədən qeyd etdiyim problem illərdir ki, həmin ərazilərdə mövcuddur”.

NOCOMMENT.az xəbər verir ki, bunu bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sumqayıtda brend markaların adı altında saxta yuyucu vasitələrin istehsalı haqda danışarkən deyib.

Ekspert bu cür yuyucu vasitələrin insan səhhəti üçün təhlükəsindən də danışıb:

“Bunlar aşındırıcı xüsusiyyətlərə malik olan kimyəvi vasitələrdir. İnsan dərisiylə təmasda olanda ciddi problemlər yarada bilir. Təəssüf ki, bu cür kimyəvi vasitələrin ən böyük satış yeri “Sədərək” Ticarət Mərkəzidir. Ciddi marketlər əlbəttə ki, bu malları qəbul etmirlər. Lakin ölkədə biznes qurumları üçün toxunulmazlıq şəraiti mövcuddur. Heç kəs onları yoxlaya bilməz. Onlar da bundan istifadə edib istənilən malı bazara çıxara bilir. Azərbaycanda satılan sənaye mallarının 90 faizinin heç bir sənədi yoxdur. Bu cür yuyucu vasitələrin mövcudluğu isə heç də təsadüfi deyil”.

Ekspert bu cür saxta məhsulları ayırd etməyin qaydalarını da izah edib:

“İstehlakçı bu cür malları alarkən onun etiketinə baxmalı və digər məhsullarla müqayisə etməlidir. Bu malların buraxılma və son yararlılıq tarixi olmalıdır. Üzərində olan qaynar xətt nömrəsinə zəng edib anonim olmadığını yoxlamaq lazımdır. Təəssüf ki, bu işlə məşğul olan, xaricdən mal gətirən firmalar susur və bazarın zibillənməsinə seyirçi qalırlar. Bu, anormal haldır. Mətbuatla birgə iş aparıb onların bazardan çıxarılması üçün təşəbbüs göstərmək lazımdırn. Bu işlərə ən yaxşı dəstəyi Daxili İşlər Nazirliyinin uyğun qurumu verə bilər”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla Abşeron rayon Saray qəsəbəsində saxta yuyucu vasitələr hazırlayan şəxslər ifşa edilib.