Binanın təməlini sarsıdan, onun mühəndis dayanıqlığını təhlükə altına qayan gizli müdaxilələr bu gün paytaxt Bakının və digər iri şəhərlərin ən ağrılı yerlərindən biridir. Xüsusilə birinci mərtəbələrdəki mənzillərin kütləvi şəkildə kommersiya obyektlərinə çevrilməsi prosesində bəzən daşıyıcı divarların “fəda edilməsi” bütöv bir tikilinin taleyini sual altına qoyur.
Kağız üzərində yaşayış sahəsi kimi qeyd olunan, lakin faktiki olaraq mağaza və ya iaşə obyekti kimi fəaliyyət göstərən bu məkanlar, həm hüquqi, həm də texniki baxımdan ciddi təhdid mənbəyinə çevrilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Camal Abuşov qeyd edib ki, binaların konstruktiv elementlərinə icazəsiz müdaxilə etmək sakinlərin həyatını qumara qoymaq deməkdir: “Əksər hallarda sahibkarlar tərəfindən ‘mənim mülkümdür’ yanaşması sərgilənir, lakin unudulur ki, çoxmənzilli bina kollektiv təhlükəsizlik zənciridir. Birinci mərtəbədə geniş zal yaratmaq üçün sökülən bir divar, yuxarı mərtəbələrin yükünü daşıyan balansın pozulmasına və binanın seysmik dayanıqlığının kritik həddə çatmasına səbəb olur”.
Onun sözlərinə görə, təyinatın qanunsuz dəyişdirilməsi təkcə inşaat deyil, həm də ciddi hüquqi fəsadlar doğuran bir prosesdir: “Qeyri-yaşayış sahəsinə keçid prosesi mütləq şəkildə layihə rəyi və dövlət icazəsi ilə tənzimlənməlidir. Təəssüf ki, sənədlərdə hələ də ‘ev’ kimi görünən bir çox mənzil bu gün mağaza kimi fəaliyyət göstərir ki, bu da həm təhlükəsizlik normalarının pozulması, həm də dövlət nəzarətindən yayınma halıdır”.
Abuşovun sözlərinə görə, sovet dövründə inşa edilmiş binaların müəyyən istismar müddəti var və bu cür kobud müdaxilələr həmin müddəti dəfələrlə qısaldır: “Binaların fasadında aparılan nizamsız dəyişikliklər və divarların sökülməsi nəticəsində yaranan mikro-çatlamalar gələcəkdə qarşısıalınmaz uçqunlara zəmin yaradır. Aidiyyəti qurumlar bu sahədə nəzarəti daha da sərtləşdirməli, hər bir müdaxilənin arxasında duran texniki risklər ciddi şəkildə araşdırılmalıdır”.
Tunar,
NOCOMMENT.az










