Son günlər Bakı və Abşeron yarımadasında daşınmaz əmlak bazarında, xüsusilə torpaq sahələri və həyət evlərinin qiymətində kəskin ucuzlaşma meylləri müşahidə olunur ki, bu da birbaşa olaraq regionda baş verən təbii amillər və infrastruktur çatışmazlıqları ilə bağlıdır.
Əmlakçılar tərəfindən daxil olan məlumatlara görə, paytaxtın ətraf qəsəbələrində həyət evlərinə olan maraq minimuma enib, təklif edilən qiymətlərdə isə ərazi üzrə orta hesabla 2-3 min, bəzi hallarda isə 10 min manata qədər enmə qeydə alınır.
Məsələn, bir neçə ay əvvəl 80 min manata müştəri axtaran evlərin hazırda 70 min manata belə satılmasında çətinliklər yaşanır. Rieltorların qənaətinə görə, 60-65 min manat civarında olan əmlaklar bu gün 50-55 min manata təklif edilsə də, alıcı tapmaq müşkülə çevrilib.
Əsasən Binəqədi, Abşeron və Hövsan kimi ərazilərdə torpaq alandan çox, əmlakını təcili şəkildə satışa çıxaranların sayında kütləvi artım var. Daşınmaz əmlak ekspertləri bu vəziyyəti son həftələrdə yağan güclü yağışlar nəticəsində yaranan subasmalarla əlaqələndirirlər. Yağıntıların iflic etdiyi yaşayış massivlərində relyefin çökək olması və kanalizasiya sisteminin yoxluğu, əmlakın likvidliyini itirməsinə və qiymətlərin “balon” kimi sönməsinə gətirib çıxarıb. Alıcılar artıq sadəcə qiymətə deyil, ərazinin relyefinə və qrunt sularının səviyyəsinə də xüsusi diqqət yetirirlər.
Məsələ ilə bağlı tikinti sahəsi üzrə ekspert Camal Abuşov NOCOMMENT.az-a bildirib ki, hazırda bazarda yaşanan bu enmə gözlənilən idi, çünki plansız tikinti və infrastrukturun nəzərə alınmaması gec-tez öz fəsadlarını büruzə verməli idi: “Bakı və Abşeronun bir çox hissələrində, xüsusən də son illər sürətlə məskunlaşan çökək ərazilərdə tikilən evlər heç bir geoloji rəy və mühəndis hazırlığı olmadan inşa edilib, nəticədə ilk güclü yağışda bu evlərin istismarı qeyri-mümkün hala gəlib və bu da təbii ki, bazar dəyərinə sarsıdıcı zərbə vurub”.
Onun sözlərinə görə, subasma təhlükəsi olan ərazilərdəki əmlakların ucuzlaşması hələ başlanğıcdır və bu proses daha da dərinləşə bilər: “İnsanlar artıq başa düşürlər ki, kanalizasiya və drenaj sistemi olmayan, relyefi suyun təbii axarına mane olan ərazidə ev almaq gələcəkdə həm maddi, həm də mənəvi zərər deməkdir; buna görə də alıcılar kütləvi şəkildə fərdi evlərdən üz döndərib, daha çox bina evlərinə və ya hündür relyefli zonalara üstünlük verməyə başlayıblar”.
Ekspert bildirib ki, bazarda sabitliyin yaranması üçün yalnız infrastruktur layihələrinin icrası və tikinti normalarına ciddi nəzarət çıxış yolu ola bilər: “Əgər sözügedən ərazilərdə fundamental drenaj işləri görülməsə, biz yaxın gələcəkdə Abşeronun bir çox qəsəbələrində daşınmaz əmlakın dəyərinin tamamilə itirilməsinin və ‘ölü zonaların’ yaranmasının şahidi olacağıq, çünki təhlükəsizlik və infrastruktur olmayan yerdə heç bir qiymət artımından söhbət gedə bilməz”.
Tunar,
NOCOMMENT.az










