Bank və kredit münasibətlərində zaminlik mexanizmi tez-tez mübahisələrə səbəb olur. Xüsusən də kredit müqaviləsində borcun miqdarı artdıqda zaminin məsuliyyətinin davam edib-etməməsi sual doğurur.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əgər zamin bu artıma razılıq verməyibsə, qanuna görə onun məsuliyyəti avtomatik olaraq qüvvədən düşür:

“Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, borc öhdəliyi – yəni borc müqaviləsi əsas öhdəlikdir. Zaminlik müqaviləsi isə ondan asılı olan əlavə öhdəlik sayılır. Əgər əsas öhdəlikdə zaminin vəziyyətini pisləşdirən dəyişiklik edilərsə, bu zaman onun razılığı olmadan zaminlik müqaviləsinə avtomatik xitam verilir. Bu dəyişikliklərə borc məbləğinin artırılması və ya kreditin müddətinin uzadılması da daxildir.”
Ekspertin sözlərinə görə, bu hüquqi norma zaminin maraqlarını qorumağa yönəlib və banklar kredit şərtlərini dəyişərkən zaminin yazılı razılığını almaq məcburiyyətindədir.













