Bu icra başçıları etimadı doğrultmurlarbackend

Bu icra başçıları etimadı doğrultmurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda kadr islahatları zamanla uğurla həyata keçirilən əsas prioritetlərdəndir. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu iradə hər kəsə yaxşı məlumdur. Amma nədənsə bəzi məmurlar bu yanaşmanı düzgün dəyərləndirmir, əksinə, sui-istifadə hallarına yol verirlər.

Götürək elə yeni təyin olunan icra başçılarını – 2022-ci ilin fevralında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elgin HəbibullayeviNizami Rayon İcra Hakimiyyətinə təyin edilən Coşqun Cəbrayılovu. Öncə xatırladaq ki, hər iki rəhbər Bakı Şəhər İcra Hakimiyyətində çalışıblar. E.Həbibullayev İH aparatının rəhbəri, C.Cəbrayılov isə Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Olsun, perspektiv varsa, vəzifə yüksəlişi də mütləqdir. Amma… Hanı o perspektiv? Baxın, Həbibullayevin adı bağça biznesində hallanır, “Panda kids” mağazalar şəbəkəsinin qeyri-rəsmi sahibi olduğu deyilir.

Nərimanov rayonunda bağça biznesini genişləndirdiyi də bildirilir. Yaxşı, biznesmendirsə, gedib bizneslə məşğul olsun, buna bir iradımız yoxdur. Amma məmur kimi fəaliyyətini dondursun, çünki idarəçilik başqa sahədir və buna biznesi qoruyub-genişləndirmək prinsipi ilə baxılmamalıdır. Başçı oturduğu kreslodan öz kapitalını artırmaq üçün istifadə etməməlidir, səlahiyyətində olan ərazinin və onun əhalisinin rifahı üçün çalışmalıdır. Bəs Nərimanovda bu baxımdan vəziyyət necədir? Əhali arasında qısa bir sorğu keçirsək, görərik ki, yeni başçını heç tanıyan da yoxdur. Təsadüfi deyil ki, Nərimanov sakini, tanınmış aktrisa Naibə Allahverdiyeva da bu yaxınlarda E.Həbibullayevi tanımadığını bildirmişdi. Niyə tanımır? Çünki icra başçısı vətəndaşlarla görüşmür, onlarla ünsiyyətə girmir, konkret desək, onlardan qaçır.

Nizami rayonuna gələk, burada da məmur-vətəndaş münasibətləri heç də ürəkaçan deyil. “İcra başçısı Coşqun Cəbrayılovu gördüm”, – deyən olmayıb. Təkcə qanunsuz ağackəsmə faktıyla bağlı mediada onlarla material dərc olunub. Amma başçının ciddi reaksiyasını görüb-duyan olmayıb. Ən yaxşı halda quru təkzib verilib, vəssalam!

Hələ tikinti şirkətlərindən danışmırıq. Rayonda onların özbaşınalıqları insanları cana doyurub… Bəs icra başçısının bundan xəbəri yoxdur? Hara baxır, nə işlə məşğuldur? Nə qədər gülməli səslənsə də, deyəcəyik: yeni gələn köhnəyə rəhmət oxutdurur ancaq. Əvvəlki icra başçısı Arif Qasımovun fəaliyyəti yarıtmaz idi, doğrudur. Həmişə də tənqid edilirdi. Amma axı Coşqun Cəbrayılov sarıdan da camaatın əli heç də bala batmadı. Əksinə, rayonda problem problem üstünə qalaqlanır…

Məsələn, Qara Qarayev prospektində, “Vasmoy bazarı” adlanan ərazinin aşağı hissəsində günün bütün saatları tıxacdır. Çünki yolun sağ zolağı tamamilə tutulub, “parkinq” kimi fəaliyyət göstərir, avtomobillərin da qeydiyyat nişanları örtülür. Ərazi icra hakimiyyətinin inzibati binasının 500 metrliyində yerləşir. Nə əcəb, başçı və ya nümayəndələri bu mənzərəni görmür? Bununla maraqlanmır? Niyə?! Maraqlansaydı, nəticə olardı. Bəzi hallarda da deyirlər ki, səlahiyyətləri yoxdur. Yoxdursa, bəs niyə vəzifə daşıyırlar, konfortlu otaqlarda yumşaq kreslolarda əyləşirlər, dövlətdən yaxşı maaş alırlar?

Suallar çoxdur, amma xalqı düşündürən əsas cavab budur ki, hər bir məmur vətəndaşa vicdanla xidmət etməlidir. Dövlət başçısı da bunu bir tələb kimi məmurların qarşısına qoyub. Ali Baş Komandan Qarabağ kimi böyük bir problemi həll etdi, “dəmir yumruq” düşmənin başını əzdi. Məmurlar da elə işləməlidirlər ki, bu uğurlara kölgə salmasınlar, əksinə, öz məqsədyönlü fəaliyyətləri ilə Prezidentin siyasi kursuna dəstək versinlər.