Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİRbackend

Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ili tamam olur. Bu münasibətlə əfv sərəncamı imzalanacaq. Artıq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası 1300-dən çox müraciətə baxıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ilə əlaqədar amnistiyanın olub-olmaması da müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, əfv Azərbaycan Respublikasının Prezidenti, amnistiya isə Milli Məclis tərəfindən qəbul edilir.

Məsələ ilə bağlı hüquq müdafiəçiləri ilə danışıb. Saytımıza açıqlama verən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu qeyd edib ki, amnistiyanın olacağı ilə bağlı dəqiq bir məlumat yoxdur.

“Biz istəyirik ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı amnistiya olsun. Ancaq bunun həqiqətən həyata keçəcəyi ilə bağlı dəqiq bir məlumat yoxdur. Güman edirik ki, Ulu Öndərin 100 illiyi ilə bağlı amnistiya olacaq. Ümumiyyətlə, bu məsələ ilə bağlı bütün qərarları parlament özü qəbul edir. Monitorinq qrupu da bununla bağlı öz siyahısını təqdim edib.  Bizə müraciət edən kifayət qədər şəxs var, ancaq indiki situasiyada onların ismini açıqlaya bilmərəm. Müraciət edənlər arasında bloger, jurnalist, siyasi partiyaların fəalları və ömürlük həbsə məhkum edilən OMON-çular var. Ümumiyyətlə, proses belədir ki, biz öz siyahımızı parlamentə təqdim edirik və onlar baxdıqdan sonra müəyyən qərara gəlib prezidentə göndərilir. Yəni son qərar ölkə başçısınındır”, – deyə o bildirib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə qeyd edib ki, yaxın günlərdə əfv sərəncamı qəbul olunsa, mayın 10-da amnistiya aktı verilə bilər.

“Əslində amnistiya aktı qanundur və o Milli Məclisdə bir çox prosesdən keçdikdən sonra Prezident onu təqdim edir. Amnistiyanın qəbul olunması üçün də müəyyən bir müddət lazımdır. Mayın 10-na qədər 2 aya yaxın bir müddət var. Yəni zamanla bağlı bir problem yoxdur. Əgər Novruz bayramı ərəfəsində əfv fərmanı verilsə, gələcəkdə amnistiya aktını da gözləyə bilərik. Bu olmasa, deməli əfv fərmanı mayın 10-da veriləcək.  Belə olduğu halda isə amnistiya olmayacaq, çünki əfv fərmanı ilə sözügedən akt eyni zamanda verilə bilməz”, – deyə o bildirib.


Ç.Qənizadə vurğulayıb ki, halhazırda Azərbaycanda olan cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətində sıxlıq var: “Müəssisələrdə nəzərdə tutulan saydan təxminən 10 faiz artıq məhbus var. Bu da həm dövətin yükünü artırır, həm də məhbusların şəraitinin qurulmasında müəyyən problemlər yaradır. Dövlət bu istiqamətdə düşünməlidir və cəzaçəkmə müəssisələrinin yükünü azaltmaqla həmin məhbuslara xərc çəkilməsinin qarşısı alınmalıdır, həm də həmin insaların sıxlıqdan qurtularaq azadlığa qovuşması təmin olunmalıdır. Burada minlərlə insandan söhbət gedirsə, deməli amnistiya aktı qəbul olunmalıdır. May ayında bu akt qəbul olunmasa, ən geci payız ayında bu qanunun irəli sürülməsi güman edilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda amnistiyaya ehtiyac var. Belə birşey olarsa, on mindən çox insan azad oluna bilər. Bunlar arasında olan məhbusların 3000-4000 arası şəxslər hazırda cəza çəkənlər, qalanları isə şərti cəza alan şəxslərin olması mümkündür. Mən hesab edirəm ki, əfv fərmanı verildikdən sonra amnistiya aktı qəbul olunacaq”.