Bu ixtisaslar tarixə qovuşur – Gələcəyi olmayan peşələri açıqladıbackend

Bu ixtisaslar tarixə qovuşur – Gələcəyi olmayan peşələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali təhsil sistemində ixtisasların siyahısı dövri olaraq yenilənir və əmək bazarının tələblərinə uyğunlaşdırılır. Son dəyişikliklərdən birinə əsasən, Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni, 6.46-cı bənd əlavə olunub. Bu dəyişiklik nəticəsində bakalavriat səviyyəsində “Daşınmaz əmlakın idarə olunması” ixtisası da rəsmi şəkildə ixtisaslar siyahısına daxil edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
O deyib ki, müasir dövrün tələbinə uyğun olaraq yeni ixtisasların açılması, eləcə də artıq əmək bazarında müəyyən məhdudiyyətləri olan və yaxud əmək bazarında artıq tələb olunmayan ixtisasların da çıxarılması həyata keçirilir:
“Bizdə də, əlbəttə ki, müasir dövrlə ayaqlaşaraq yeni ixtisasların təsnifat mərhələsində müəyyən dəyişiklik olunması zəruridir. Hazırda “Daşınmaz əmlakın idarə olunması” ixtisasının formalaşması hesab edirəm ki, daşınmaz əmlak sahəsində həqiqətən də Azərbaycanda çox böyük işlər görülür və bu istiqamətdə müəyyən qədər töhfə verəcək.
Əslində bizdə “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları var idi. Bu ixtisasların istiqaməti bir qədər fərqli idi. Yəni burada əsasən daşınmaz əmlak qurumlarında fəaliyyət göstərənlər, xüsusilə torpaqşünaslıq, yerlərin müəyyən olunması və təyinatının həyata keçirilməsi istiqamətinə uyğun idi. Amma “Daşınmaz əmlakın idarə olunması” ixtisası da yerində və doğru bir addımdır. Bu, çox gözəl bir təşəbbüsdür. Artıq bəzi ixtisaslarda müəyyən dəyişikliklərə ehtiyac var. Bəzi ixtisasların ümumilikdə tədris proqramından çıxarılması, bəzi ixtisasların isə əlavə olunması lazımdır”.
O bildirib ki, məsələn, kənd təsərrüfatına aid ixtisaslar yaxın gələcəkdə çox böyük perspektiv qazanacaq:
“Çünki süni intellekt bir çox sahələri əhatə etdikcə, kənd təsərrüfatı sahəsinə tələbat artacaq. Süni intellekt bir çox ixtisasa təsir edəcək və bəzi mütəxəssislər ixtisara düşə bilər. Bu halda insanlar alternativ fəaliyyət sahəsi kimi kənd təsərrüfatına yönələ bilərlər. Növbəti 10 il ərzində süni intellektin inkişafı ilə paralel olaraq bu sahəyə tələbat artacaq. Bu səbəbdən də kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması məqsədəuyğundur və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Qida sənayesi istiqamətində də dünyada ciddi tələbat mövcuddur.
Məsələn, Türkiyədə bu sahə çox uğurla inkişaf edib. Bizdə də yaxın gələcəkdə qida sektoruna böyük ehtiyac yaranacaq. Ona görə də “Qida sənayesinin idarə olunması” ixtisasını uyğun hesab edirəm. Düzdür, “Qida mühəndisliyi” ixtisası var, lakin bu sahə daha çox istehsal yönümlüdür, “Qida sənayesinin idarə olunması” isə ümumi idarəetmə aspektini əhatə edir.
“Yazılım mühəndisliyi” də hazırda ən çox tələb olunan ixtisaslardan biridir. Bu sahə xüsusilə müdafiə sənayesi üçün önəmlidir. Məsələn, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıq həyata keçirilir və bu sahədə proqram təminatı əsas rol oynayır. “Yazılım mühəndisliyi” uçuş aparatlarının, raketlərin və digər texnologiyaların “beyni”nin yazılmasını təmin edir. Bu sahə Türkiyə, Avropa, Amerika və Yaponiyada ciddi inkişaf edib və bizdə də bu istiqamətə diqqət artırılmalıdır”.
O diqqətə çatdırıb ki, “Süni intellekt” ixtisası artıq dövrün tələbidir və bu ixtisasın açılması zəruridir:
“Eyni zamanda “Tibbi diaqnostika” ixtisasının da ayrıca tədrisi vacibdir. Çünki UZİ, MRT kimi müayinələri həyata keçirən ayrıca ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. Həkimlər bu prosedurları yerinə yetirmir, yalnız nəticələri qiymətləndirirlər. Ona görə də bu sahədə ixtisaslaşma vacibdir. Bəzi ixtisaslara gəldikdə isə, məsələn “Meşəçilik” ixtisasını artıq o qədər də perspektivli hesab etmirəm. Çünki “Ekologiya mühəndisliyi” kimi daha geniş sahə mövcuddur və bu ixtisasın sayını azaltmaq olar. “Genetika” isə mütləq ayrıca ixtisas kimi tədris olunmalıdır. Bu sahə artıq dünyada geniş inkişaf edib və qida sənayesindən tutmuş tibbi sahəyə qədər geniş tətbiq olunur.
Genetik dəyişikliklər və digər proseslər bu sahənin əhəmiyyətini artırır.
Eyni zamanda, əgər süni intellekt orta ümumtəhsil məktəblərində tədris olunacaqsa, bu sahə üzrə müəllimlərə də ehtiyac olacaq. Bu baxımdan “Süni intellekt müəllimliyi” ixtisasının yaradılması məqsədəuyğun ola bilər. Bu, informatika müəllimliyindən fərqli və daha spesifik sahədir. Digər tərəfdən, ali təhsil müəssisələrində “Tibb bacısı” ixtisasının bakalavriat səviyyəsində tədrisini o qədər də perspektivli hesab etmirəm. Çünki bu ixtisas artıq kolleclərdə mövcuddur.
Dörd illik ali təhsil səviyyəsində bu ixtisasın saxlanılması əvəzinə, onun yerinə “Genetika” kimi daha perspektivli sahənin əlavə olunmasını daha məqsədəuyğun hesab edirəm. Eyni zamanda, üçüncü ixtisas qrupunda bakalavriat səviyyəsində “Fəlsəfə” ixtisasını da o qədər perspektivli hesab etmirəm. Bu ixtisas daha çox magistratura səviyyəsində tədris oluna bilər və bakalavriat səviyyəsindən çıxarılması daha doğru olar”.