Bu şəxslərə fitrə zəkatı VERMƏYİN!backend

Bu şəxslərə fitrə zəkatı VERMƏYİN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fitrə zəkatı ilə bağlı fətva verib. Qazılar Şurasının Fətvasına görə, Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

“Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”,-fətvada deyilir.

Bəs fitrə zəkatı kimlərə verilməlidir və əsas meyarlar hansılardır? Adambaşı fitrə zəkatının 10-15 manat verilməsi mütləqdirmi?

NOCOMMENT.az xəbər verir ki, Modern.az-ın suallarını Azərbaycan İlahiyyat İnstitunun İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov cavablandırıb.

O xatırladıb ki, zəkatın verilməsi ilə bağlı Qurani-Kərimdə konkret ayə var: “Qurani-Kərimin Tövbə surəsinin 60-cı ayəsində zəkat verilməli olan 8 sinif qeyd olunub. Zəkat məhz 8 kateqoruta üzrə verilməlidir. Bu sırada  kasıblar, borclular, yolda qalmışlar, Allah yolunda çalışanlar və digərləri var. Biz müsəlmanlar adətən kasıblara, ehtiyac sahiblərinə, xəstələrə, əməliyyat olunmalı olan, ancaq buna pulu çatmayanlara, borclulara zəkat verməyi prioritet götürürük. Bu şəxslərə zəkat verilməsi daha çox tövsiyə olunur”.

Ə.Niyazov fitrə zəkatınin kimlərə verilməməsinə də aydınlıq gətirib:

“İnsan öz atasına, anasına, nənəsinə, övladlarına, nəvəsinə, nəticəsinə, kötücəsinə zəkat verə bilməz. Çünki eyni ailə içərisində yaşayan bu şəxslərin bütün ehtiyaclarını təmin etməklə onsuz da vəzifəlidir. Ancaq uzaq və ikinci dərəcəli sayılan qohumlara fitrə zəkatı verilə bilər”.

Bir nəfər üçün fitrə zəkatının məbləğini necə hesablamaq olar?

Kafedra müdiri suala cavabında deyib: “Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il fitrənin miqdarını açıqlayır və insanlar ona uyğun olaraq zəkatlarını verirlər. Fitrənin hesablanması məsələsində bir üsul var. Belə ki,  fitrə hesablanarkən müsəlmanın səhər və axşam yeməyinin ümumi qiymətinin ortalaması götürülür. Müsəlmanın səhər qəbul etdiyi qidanın qiyməti ilə axşam yediklərinin qiyməti toplanır. Bu gün bir nəfərin səhər və axşam yeyəcəyinin ortalama qiyməti əlbəttə 10 manatdan başlayır. Bu bəzən mətbəxə görə dəyişərsə, müsəlmanın özünün də dəyərləndirəcəyi qiymət ola bilər. Ancaq QMİ-nin bunu ümumi dəyər üzərindən hesablayaraq açıqlaması daha münasibdir”.

Dinə inanmayanlar da zəkat verməlidir? 

“Müsəlman olmayanlara fitrə zəkatı verilməsi vacib deyil. Çünki zəkat vermək ibadətdir. İbadət ancaq müsəlmana şərtdir. Zəkat vermək üçün müsəlman olmaq, həddi-büluğ yaşına çatmaq və zəkat verəcək qədər mala sahib olmaq lazımdır. Bu şərtlər özündə cəmləşməyən şəxslərə zəkat düşmür”.

Qeyd edək ki, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır.