Bura Hindistanın çirkli küçələri deyil, Sumqayıtdır – BİABIRÇI MƏNZƏRƏbackend

Bura Hindistanın çirkli küçələri deyil, Sumqayıtdır – BİABIRÇI MƏNZƏRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az konkret.az-a istinadən xəbər verir ki, Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların piyada səkilərini zəbt etməsi böyük vüsət alıb. Vəziyyət o yerə çatıb ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maneəsiz gedib-gələ bilmir.

Əlbəttə, insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun bütünlüklə tutulması yolverilməzdir.

Buna isə Sumqayıt Şəhər İcra Hakimiyyəti və səlahiyyətli qurumlar göz yumur. Daha doğrusu, şərait yaradır. Çünki küçələrdə müvafiq qurumların icazəsi olmadan pərakəndə ticarətlə məşğul olmaq mümkün deyil. Ən azından hər bir yerdə sahə müvəkkili, post-patrul xidməti, icra orqanlarının nümayəndələri var.

Küçə ticarətinin geniş vüsət aldığı bu kimi ərazilərdə, həmçinin, böyük səs-küy, antisanitariya hökm sürür. Şəkillərdəki görüntülər (bu hələ səhər mənzərəsidir, adam azdır, axşamlar böyük bir xaos yaşanır) Sumqayıtın 13-cü mikrorayonu ərazisində çəkilib. Amma belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki, hər yerində rast gəlmək olar. Məsələn, şəhərin mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda, “Məktəbli”, “EuroSport” mağazalarının qabağı – bazara yaxın dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə ciddi təsir edir.

Üstəlik, küçə ticarəti ilə məşğul olanların heç bir sənədi olmur və məlumata görə, ayrı-ayrı səlahiyyətli şəxslərə gündəlik toplam 50-100 manat yerpulu verirlər. Belə “toçkalar” şəhərdə onlarladır. Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi də belə yerlərdə yoxlama aparmır.

Maraqlı məqamlardan biri də budur ki, meyvə-tərəvəz satanlar alıcılara heç bir çek təqdim etmir, yığılan pullardan dövlətə vergi ödəmirlər.

Həmçinin, bu cür yerlərdə alıcılar çəkidə və qiymətdə aldadılır, onlarla kobud davranılır, şikayətlərinə məhəl qoyulmur. Çünki bu kimi hallara rəsmən nəzarət edilmir.

Hər dəfə də bu məsələ mətbuatda işıqlandırılanda Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayır ki, “qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində icra hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır”.

Və bir müddət müəyyən qayda yaradılır, küçə ticarəti qismən yığışdırılır, ara sakitləşəndən sonra yenidən küçələr bazara çevrilir və küçə ticarətinə icazə üçün alınan pul bir az da qalxır. Çox güman ki, yenə də belə olacaq…