Mənzil alarkən ƏDV-nin geri qaytarılması şərtləri necədir?backend

Mənzil alarkən ƏDV-nin geri qaytarılması şərtləri necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

2023-cü ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manatdan çoxu geri qaytarılıb.

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması Prezident İlham Əliyevin 2022-ci il 25 may tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Fərmanı ilə təsdiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Banco.az-ın suallarını əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov cavablandırıb.

– Daşınmaz əmlak alarkən ƏDV- nin bir hissəsi necə qaytarılır?

– Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi geri qaytarılır. Belə ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda aid deyil. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər tam və ya hissə-hissə edilir.

– Daxili kreditlə ev aldıqda ƏDV – ni geri qaytarmaq olarmı?

– Əlbəttə, bu mümkündür. Daxili kreditlə ev aldıqda mənzil aldığınız şirkət və ya MTK 18 faiz əlavə dəyər vergisini ödəyir. Siz evi alarkən sizin borcunuz bitdikdə siz eyni anda həm əsas borcu, həm də əlavə dəyər vergisini ödəməyə davam edirsiniz. Borcunuz bitdikdə əlavə dəyər vergisinin 30 faizni geri alırsınız.

– İpoteka və ya digər bank kreditləri ilə mənzil aldıqda əlavə dəyər vergisi geri qaytarılırmı?

-Bəli, qaytarılır. Belə olan halda ipoteka tərafdaşı yəni bank evin dəyərini MTK – ya ödədiyi üçün əlavə dəyər vergisi vətəndaşa geri qaytarılır.

– ƏDV- ni geri qaytarılması müddəti nə qədərdi?

– Əlavə dəyər vergisi və mənzilin qiyməti ayrı- ayrılıqda ödəndikdən sonra burdakı prosedur faktiki olaraq ay yarım, iki ay çəkir.

– ƏDV – nin geri qayıdan hissəsi nə qədərdir?

– Mənzilin qiymətinin 18 faizi əlavə dəyər vergisidir. 18 faizin 30 faizi isə geri qaytarılır.

– ƏDV köhnə tikililərə aiddirmi?

– Xeyr, onlara aid deyil.

– Əgər fiziki şəxsdən ipoteka ilə ev alınırsa, ƏDV qaytarılırmı?

– Xeyr, bu zaman ƏDV ödənilmədiyi üçün ƏDV -nin bir hissəsini geri qaytarılmır.