C-130 qəzasının “qara qutusu” bu həftə açılırbackend

C-130 qəzasının “qara qutusu” bu həftə açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”su üzərində aparılan texniki analizlər bu həftə başa çatdırılacaq. Bu barədə hökumətə yaxın mənbələrlə əlaqəsi ilə tanınan köşə yazarı Abdulkadir Səlvi məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, “Hurriyet” qəzetinin yazdığına görə, araşdırma çərçivəsində “qara qutu”dan çıxarılan 180 müxtəlif uçuş parametri – təyyarənin sürəti, yüksəkliyi, mühərrik göstəriciləri, ekipajın sonradan qeydə alınan rabitə məlumatları və digər kritik detallar – xüsusi komissiya tərəfindən mərhələli şəkildə analiz edilir. Səlviyə görə, ilkin qiymətləndirmələr nəqliyyat vasitəsinin qəza anına kimi texniki vəziyyəti və uçuş trayektoriyası barədə mühüm ipucları təqdim edir.

Onun sözlərinə görə, qəza yerində aparılan ilkin araşdırmalar xarici müdaxilə ehtimalının çox aşağı olduğunu göstərir. Bununla belə, istintaq komissiyası bütün versiyaları – texniki nasazlıqdan pilot səhvinə, hava şəraitindən mümkün xarici təsirlərə qədər – paralel şəkildə nəzərdən keçirir.

“Bu, çoxhədəfli bir araşdırmadır. Xarici müdaxilə ehtimalı zəif görünür, amma hər bir ehtimal kimi bu versiya da diqqətlə araşdırılır”, – deyə Abdulkadir Səlvi bildirib.

Təhlilin həftənin sonuna qədər yekunlaşacağı və əldə olunan nəticələrin rəsmi şəkildə ictimaiyyətə açıqlanacağı gözlənilir.