Bakıda köhnə binaların sökülməsi ilə bağlı əsas narazılıq kiçik sahəsi olan evlərin sahiblərinə və konkret olaraq həmin yerdə yaşayan sakinlərə təklif edilən kompensasiyanın həcmi ilə bağlıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, kompensasiya alan şəxslər adətən iki hissəyə bölünür: “Bunlar başqa yerdə yaşayıb, lakin sökülən binalarda da kiçik kvadratlı mənzilləri olan vətəndaşlardır. Onlar üçün kompensasiyanın məbləği önəmli deyil. Lakin məhz həmin yerdə yaşayıb, ikinci yerdə mənzili olmayan vətəndaşlar kompensasiyanın məbləğindən narazı qalırlar. Çünki onlar aldıqları kopmensasiya məbləğinə hər hansı bir yerdə yaşayış məkanı əldə etməlidirlər. Bina köhnə olduğuna görə və istismar müddəti bitdiyinə görə çox vaxt verilən kompensasiyanın məbləği aşağı olur. Çünki həmin binanın real bazar dəyəri müəyyən edilir və bu dəyər də nisbətən aşağıdır”.
V.Oruc hesab edir ki, həmin sakinlərə o ərazidə olan yeni tikililərin qiymətinə uyğun kompensasiya verilməlidir: “Kiçik mənzillərin sahibləri nə qədər yüksək kompensasiya məbləği alsalar da belə, onların eyni və yaxud yaxın ərazidə yeni mənzil almaq imkanları məhduddur. Onlar ya gedib kənar qəsəbələrdə fərdi yaşayış evi inşa edir, ya da daha ucuz qiymətə ev almağa məcbur olurlar. Ona görə biz təklif etmişik ki, kiçik sahələrə kompensasiya otaq sayı ilə müəyyən olunsun və yaxud da ki, müvafiq yaşayış məkanı ilə təmin olunsun. Yəni ayrıca yanaşma tətbiq olunsun. Hazırda 20-30 kvadrat metrə qədər olan mənzillərə dövlət 20 faiz əlavə kompensasiya ödəyir ki, bu şəxslər ev ala bilsinlər. Amma son dövrlər daşınmaz əmlak qiymətləri o qədər yüksəlib ki, hətta bu güzəştlər belə vətəndaşın mənzil əldə etməsinə kifayət etmir”.












