“AccessBank” müddətli depozit məhsulları üzrə illik faiz dərəcələrini aşağı salıb.
NOCOMMENT.az-ın məlumatına görə, bankın yenilənmiş tariflərinə əsasən, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə 12 aylıq depozit üzrə illik gəlirlilik 10,25%-dən 10%-ə endirilib. Həmçinin 18 aylıq və 24 aylıq depozitlər üzrə illik faiz dərəcəsi 10,75%-dən 10,25%-ə salınıb.
Beləliklə, 12 aylıq depozit üzrə gəlirlilik 0,25 faiz bəndi, 18 və 24 aylıq depozitlər üzrə isə 0,50 faiz bəndi azalıb.
Yenilənmiş tariflərə əsasən, 6 aylıq depozit üzrə faiz dərəcəsi dəyişməyərək 8,5% səviyyəsində saxlanılıb. Digər əsas şərtlərdə isə dəyişiklik müşahidə olunmur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu həftə növbəti faiz qərarını açıqlayacaq. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalması fonunda tənzimləyicinin uçot dərəcəsini yenidən sabit saxlayacağı gözlənilir.
Bu şəraitdə bankın depozit faizlərini aşağı salması bazarda faiz dərəcələrinin tədricən yumşalması tendensiyası ilə üst-üstə düşür. (Plat.az)











