Binəqədi rayonunun 7-ci mikrorayonunda yaşayan sakinlər illərdir davam edən kanalizasiya problemindən əziyyət çəkirlər.
Abay Kunanbayev küçəsi, 3A ünvanında yaşayan vətəndaşların sözlərinə görə, binanın zirzəmisinə çirkab suları axıdılır. Sakinlər problemin həlli ilə bağlı dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə və müvafiq kanalizasiya idarəsinə müraciət etsələr də, məsələ hələ də öz həllini tapmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Sakinlərdən biri bildirib ki, ilin bütün fəsillərində zirzəmi su ilə dolur:
"Kanalizasiya sistemi köhnədir və yayılan pis qoxudan evdə oturmaq mümkün deyil".
Digər sakin isə vəziyyətin daha ciddi olduğunu vurğulayıb: "Üfunət iy hətta üçüncü mərtəbəyə qədər qalxır. Bu, sağlamlığımız üçün ciddi təhlükə yaradır. Qurumlara müraciət edirik, gəlib yalnız qismən nasazlığı aradan qaldırırlar, lakin zirzəmidə yığılan suları təmizləmirlər".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti üzrə "Sukanal" idarəsinə müraciət olunub. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, məsələ barədə Binəqədi "Sukanal" İdarəsinə məlumat verilib.
Yaxın vaxtlarda əraziyə xüsusi briqada cəlb olunacaq, zirzəmidəki xətlər yoxlanılacaq. Hər hansı axıntı aşkarlanacağı təqdirdə xətt bərpa ediləcək və zirzəmidə yığılan çirkab sularının kənarlaşdırılması istiqamətində müvafiq işlər görüləcək.











