Bu şəxsləri siz də tanıyın: Ölkədə onlayn qumar oynadanların kimliyi şok etdi

Bu şəxsləri siz də tanıyın: Ölkədə onlayn qumar oynadanların kimliyi şok etdi

Azərbaycanda qlobal internet şəbəkəsinin imkanlarından istifadə edilməklə qanunsuz onlayn qumar və kazino oyunlarına marağın artması, cəmiyyəti daxildən sarsıdan ən ciddi sosial və hüquqi problemlərdən birinə çevrilib. Rəsmi statistika tam açıqlanmasa da, sosioloji monitorinqlər və bazar iştirakçılarının müşahidələri xüsusilə gənclər arasında virtual mərc oyunlarına aludəçiliyin qorxulu həddə çatdığını göstərir.

Mütəxəssislərin fikrincə, onlayn mərc platformalarının əsas auditoriyasını 18-40 yaş arası şəxslər, idman həvəskarları, mobil tətbiqlərdən aktiv istifadə edənlər və təəssüf ki, asan yolla pul qazanmaq istəyən varlı ailələrin övladları təşkil edir. Bazarın böyük hissəsini futbol oyunları üzərindən edilən mərclər əhatə etsə də, xarici serverlər üzərindən idarə olunan slot və virtual kazino oyunları da geniş yayılıb.

Sosial şəbəkələrdə aparılan müzakirələr bəzi istifadəçilərin bunu sadəcə bir əyləncə vasitəsi kimi gördüyünü üzə çıxarsa da, reallıqda bu oyunlar kütləvi borclanma, psixoloji asılılıq, intiharlar və ailədaxili faciələrin yaranmasında birbaşa rol oynayır. Bu qanunsuz şəbəkələrə qarşı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan kəskin mübarizə nəticəsində, son günlərdə ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə edən Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Keçirilən əməliyyat zamanı onlardan elektron sübutlar, qanunsuz qumar dövriyyəsində istifadə olunan 200-dən artıq bank kartı və mobil nömrələr maddi sübut kimi götürülüb, məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət tərəfindən rəsmi lisenziya verilməmiş hər növ onlayn qumar, totalizator və kazino oyunlarının təşkili, habelə bu oyunların keçirilməsi üçün qumarbazların cəlb edilməsi birbaşa cinayət məsuliyyəti yaradır: "Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə, qumar oyunlarının təşkili və ya keçirilməsi, həmçinin qumar oyunlarının keçirilməsi üçün yerlərin təşkil edilməsi və ya saxlanılması ağır cəza sanksiyaları ilə tənzimlənir. Kiberpolisin son uğurlu əməliyyatı göstərir ki, xarici saytların daxili inzibatçılığını edən şəxslər minlərlə vətəndaşın bank kartı məlumatlarını və vəsaitlərini qanunsuz dövriyyəyə cəlb edərək ölkədən kənara böyük valyuta axını formalaşdırırlar. Bu cür əməllərdə iştirak edən, admin panel idarə edən və ya qanunsuz kart dövriyyəsi yaradan hər bir şəxs qanun qarşısında ən sərt şəkildə cavab verəcək".

Onun sözlərinə görə, təkcə bu oyunları təşkil edənlər deyil, fərdi şəkildə qanunsuz saytlara pul yatırıb oynayan şəxslər də hüquqi və maliyyə riskləri ilə üz-üzə qalırlar: "İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə də konkret inzibati tənbeh tədbirləri və cərimələr nəzərdə tutulub. Üstəlik, qeyri-qanun mərclərdə uduzan və ya qazandığı pulu çıxara bilməyən vətəndaşlar sonradan hüquq-mühafizə orqanlarına müraciət etdikdə, özləri də qanunsuz fəaliyyətin iştirakçısı olduqları üçün çətin vəziyyətə düşürlər. Bu virtual bəlanın qarşısını tam almaq üçün təkcə polis əməliyyatları kifayət deyil; bankların qanunsuz mərc saytlarına edilən pul köçürmələrini və şübhəli kart əməliyyatlarını dərhal bloklaması, eyni zamanda vətəndaşların bu platformaların yaratdığı hüquqi və maddi fəsadlar barədə maksimum maarifləndirilməsi zəruridir".