Milli Hidrometeorologiya Xidmətindən verilən son məlumata görə, iyunun 20-də ölkə ərazisində hava şəraitinin kəskin isinəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Paytaxt və yarımadada havanın temperaturu gecə 21-25° isti, gündüz isə rekor həddə – 33-38° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında da bənzər bürkü və isti hava şəraiti hökm sürəcək. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir qısamüddətli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur bölgələrdə gecə 19-24° isti, gündüz 35-39° isti, dağlıq rayonlarda isə gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə isə 28-32° isti olacaq.
Məsələ ilə bağlı həkim-kardioloq Səlim Kərimov NOCOMMENT.az-a qeyd edib ki, iyunun 20-dən başlayan bu cür kəskin temperatur artımı xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlar üçün ciddi risklər yaradır: "Gündüz saatlarında temperaturun 38-39 dərəcəyə yüksəlməsi bədənin termorequlyasiya sistemini gərginləşdirir, güclü tərləmə nəticəsində orqanizm sürətlə su və mühüm mineralları (kalium, maqnezium) itirir. Bu isə qanın qatılaşmasına, arterial təzyiqin qəfil dəyişməsinə, taxikardiyaya və son nəticədə infarkt, insult riskinin kəskin artmasına səbəb olur. Kardioloji problemi olan şəxslər, yaşlılar və uşaqlar bu günlərdə xüsusilə diqqətli olmalıdırlar. Günəş şüalarının birbaşa təsirinə məruz qalmaq qətiyyən olmaz".
Onun sözlərinə görə, anomal isti hava dalğasından qorunmaq və sağlamlığı riskə atmamaq üçün vətəndaşlar gündəlik rejimlərinə mütləq düzəlişlər etməlidirlər: "İlk növbədə, günəş aktivliyinin pik nöqtəsində olduğu saat 11:00-dan 17:00-a qədər məcburi olmadıqca açıq havaya çıxmamağı tövsiyə edirik. Çölə çıxmaq zərurəti yarandıqda isə mütləq açıq rəngli, pambıq parçadan olan geniş geyimlərə üstünlük verilməli, baş nahiyəsi papaq və ya çətirlə qorunmalıdır. Gün ərzində qəhvə, tünd çay və şəkərli içkilərin miqdarı azaldılmalı, onların əvəzinə otaq temperaturunda olan təmiz su, ayran və ya az duzlu mineral sular qəbul edilməlidir. Ürək xəstələri həkim tərəfindən təyin olunmuş dərman preparatlarının qəbulunu vaxtlı-vaxtında icra etməli və təzyiqlərini mütəmadi nəzarətdə saxlamalıdırlar".
Tunar,












