Vətən uğrunda canından keçən qəhrəman qadınlarımızın sırasında adı xüsusi ehtiramla çəkilən şəxslərdən biri də Qaratel Hacımahmudovadır. O, təkcə silahla döyüşən cəsur bir döyüşçü deyil, həm də milli azadlıq ruhunu yaşadan, son nəfəsinə qədər doğma torpağını müdafiə edən mərd Azərbaycan qadını idi. Ermənilərin əsir götürmək istədiyi Qaratel xanım düşmən əlinə sağ keçməmək üçün zəhər içərək özünü tapança ilə vurub şəhid oldu. Onun həyat yolu və qəhrəmanlığı bu gün də böyük hörmətlə xatırlanır.
NOCOMMENT.az Qaratel Hacımahmudova haqqında maraqlı faktları təqdim edir.

Erməni silahlılarının əlinə sağ keçməmək üçün zəhər içərək özünü tapança ilə vuran Qaratel Hacımahmudova Azərbaycanın qəhrəman qadınlarından biri kimi tarixə düşüb.
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Orta təhsilini kənd məktəbində aldıqdan sonra Bakı Ticarət Texnikumuna daxil olub və 1965-ci ildə oranı bitirib. Daha sonra bir müddət Gəncə şəhərində ticarət sahəsində çalışıb. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb.
1976-cı ildən etibarən Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant kimi işləyib. Lakin onun həyatı yalnız əmək fəaliyyəti ilə məhdudlaşmayıb. Qaratel Hacımahmudova Azərbaycanın Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olub.

1990-cı illərdə erməni təcavüzünün gücləndiyi dövrdə o, doğma kəndinə qayıdaraq kənd gənclərindən ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub. Döyüşlərdə böyük cəsarət göstərən Qaratel xanım mahir nişançı kimi tanınıb. O, yalnız silahla döyüşmür, həm də əsgərlərin qayğısına qalır, yeməklərini hazırlayır, paltarlarını yuyur, ərzaq çatışmadıqda bağlardan göy-göyərti toplayaraq döyüşçülərin ac qalmamasına çalışırdı.
Qaratelin anası Teyyibə xanım onun vətən sevgisini belə xatırlayırdı:
“Bir dəfə Qaratel Qazaxa gələndə qırmızı, göy, yaşıl rəngdə parçalar gətirdi, onları bir-birinə tikdi, üstünə tabaşirlə ay-ulduz çəkdi. Dedi, ana, bu, Azərbaycanın üçrəngli bayrağıdır, biz də müstəqil dövlət olacağıq”.

Qaratel həmin dövrdə meydan hərəkatına qoşularaq kiçik bayraqlar tikib insanlara paylayırdı.
1992-ci ilin iyun ayında erməni silahlı birləşmələri Aşağı Əskipara kəndini işğal etdi. Ermənilər Qaratel Hacımahmudovanı sağ ələ keçirmək istəyirdilər. Bu məqsədlə onu ayağından yaralamışdılar. Lakin Qaratel düşmənə təslim olmadı. Ermənilər yaxınlaşarkən ətəyində gizlətdiyi əl qumbaralarını onlara atdı. Daha sonra isə əsir düşməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək öz tapançası ilə özünü vurdu və şəhid oldu.
Kənd sakini Vəli Namazov həmin anları belə xatırlayırdı:

“Bir xeyli atışmadan sonra uzaqdan Qaratelin bərkdən qışqırtısını eşitdim. Bununla da səslər tamam kəsildi. Bu, Qaratelin özünü öldürməzdən öncə son fəryadı idi”.
Qaratel Hacımahmudovanın qəhrəmanlığı illər keçsə də unudulmayıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyev onun haqqında danışarkən belə demişdi:

“Qazaxda bir Qaratel vardı, düşmən əlinə sağ keçməsin deyə, özünü öldürmüşdü. Bax, əsl Milli Qəhrəman adına o xanım layiqdir”.
Həmin ildə Qaratel Hacımahmudova “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Tanınmış şair Hüseyn Arif də ona şeir həsr edib.
Bir çoxları hesab edir ki, göstərdiyi igidliyə və vətən uğrunda etdiyi fədakarlığa görə Qaratel Hacımahmudovaya Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir.
Turan











