Rusiyalı müxalifətçi siyasətçi Boris Nadejdin təzyiqlər səbəbindən Dövlət Dumasına seçilmək üçün apardığı kampaniyanı dayandırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Nadejdin "Telegram" kanalında dərc etdiyi paylaşımda ona qarşı müxtəlif qurumlar tərəfindən çoxsaylı məhdudiyyətlərin tətbiq edildiyini bildirib: "Mənə qarşı hamı hücuma keçib: Ədliyyə Nazirliyi "xarici agent" elan edib, DİN və məhkəmə ekstremizmdə günahlandırır, FSSP ölkədən çıxışıma qadağa qoyub, bankrot elan edildim. Səsimi kəsirlər və məni siyasətdən sıxışdırıb çıxarırlar".
Siyasətçi qeyd edib ki, "xarici agent" statusu və ekstremizmdə günahlandırılması seçki qanunvericiliyinə əsasən onun Dövlət Dumasına seçilmək imkanını tamamilə məhdudlaşdırır. O, Rusiyada hazırda leqal müxalifət siyasəti ilə məşğul olmaq imkanlarının tükəndiyini vurğulayıb və əlavə edib: "Ümid edirəm ki, bu, müvəqqətidir".
Nadejdin həmçinin bildirib ki, tərəfdarlarını və ailəsini risk altına qoymaq istəmir: "Mənə dəstək verən insanların, ailəmin, qərargah əməkdaşlarımın və imza toplayanların riskə girməsini istəmirəm. Ona görə də toplanmış imzaları seçki komissiyasına təqdim etməyəcəyik".
O, seçki hesabında toplanan vəsaitlərin qərargah əməkdaşları və imza toplayanlarla hesablaşmaq üçün istifadə olunacağını və yekunda hesabat veriləcəyini qeyd edib.
Tunar,
NOCOMMENT.az












