Onlar Sevgililər gününü fərqli tarixdə qeyd edir

Onlar Sevgililər gününü fərqli tarixdə qeyd edir

Dünyanın əksər ölkələrində Sevgililər günü 14 fevral tarixində qeyd olunsa da, bəzi dövlətlərdə bu gün tarixi, mədəni və dini xüsusiyyətlərə görə fərqli tarixlərdə keçirilir.

NOCOMMENT.az xəbər verir ki, həmin ölkələrdə sevgi günü Qərb ənənələrindən kənar formada formalaşıb və yerli dəyərlərlə uzlaşdırılıb.

Braziliyada Sevgililər Günü 14 fevralda deyil, 12 iyun tarixində qeyd olunur və “Dia dos Namorados” adlanır. Məlumata görə, bu seçimin əsas səbəbi 14 fevral tarixinin ölkədə karnaval mövsümünə təsadüf etməsidir. 12 iyun isə ailə və nikahın himayədarı hesab edilən Müqəddəs Antoninin günü ərəfəsinə düşür. Həmin gün Braziliyada cütlüklər bir-birinə hədiyyələr təqdim edir, restoran və ictimai məkanlarda xüsusi proqramlar təşkil olunur.

Bununla yanaşı, Çində Sevgililər Günü Qərb təqviminə əsasən deyil, ay təqvimi üzrə qeyd olunur. Bu gün “Qixi Festivalı” adı ilə tanınır və adətən yay aylarına təsadüf edir. Qədim Çin əfsanəsinə görə, Qixi bir-birindən ayrılmış iki aşiqin ildə yalnız bir dəfə görüşə bildiyi günü simvolizə edir. Son illər qloballaşmanın təsiri ilə Çində 14 fevral da qeyd olunsa da, ənənəvi baxımdan Qixi Festivalı daha üstün mövqeyə malikdir.

Yaponiyada Sevgililər Günü digər ölkələrdən fərqli olaraq iki mərhələdə keçirilir. Fevralın 14-də qadınlar kişilərə şokolad hədiyyə edir, martın 14-də isə “White Day” qeyd olunur və həmin gün kişilər qadınlara cavab hədiyyəsi təqdim edir. Bildirilir ki, bu ənənə Yaponiyada sosial münasibətlərin və etik davranış qaydalarının bir hissəsi kimi formalaşıb.

Cənubi Koreyada isə Sevgililər günü anlayışı daha geniş məna daşıyır. Burada ilin hər ayının 14-ü münasibətlər və sevgi mövzularına həsr olunur. Fevralın 14-də qadınlar kişilərə hədiyyə verir, martın 14-də White Day qeyd edilir. Aprelin 14-ü isə “Black Day” kimi tanınır və subaylara həsr olunur. Həmin gün subay şəxslər bir araya gələrək bu statusu simvolik şəkildə qeyd edirlər.