Azərbaycanda minlərlə vətəndaş uzun müddət çalışaraq pensiya kapitalı toplayır. Lakin son illər xaricə köçənlərin sayının artması bu vəsaitlərin taleyi ilə bağlı suallar doğurur. Xüsusilə də pensiya yaşına çatmamış ölkəni tərk edən şəxslər yığılan pullardan gələcəkdə necə istifadə edəcəklərini dəqiqləşdirmək istəyirlər.
Xaricdə daimi yaşayan Azərbaycan vətəndaşı pensiya yaşına çatdıqda ölkədə yığdığı pensiya kapitalını hansı qaydada əldə edə bilər? Bunun üçün hansı prosedurlar tələb olunur?
NOCOMMENT.az bildirir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda pensiya kapitalının hüquqi taleyi ilə bağlı bir neçə problem var:
“Vətəndaşların əksəriyyəti bu vəsaiti şəxsi yığım kimi qəbul etsə də, hüquqi baxımdan o, sərbəst istifadə olunan depozit və ya bank hesabı deyil. Bu vəsait fərdi uçot sistemində qeydə alınan və yalnız müəyyən sosial-hüquqi şərtlərlə realizə olunan sığorta kapitalıdır, onun rejimi “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir. Məhz bu səbəbdən xaricə köçən şəxslər topladıqları vəsait üzərində sərbəst sərəncam verə bilmədiklərini görürlər. Qanunvericiliyə görə bu kapital sosial təminat alətidir və yalnız pensiya hüququ yarandıqdan sonra istifadə oluna bilər”.
Hüquqşünas bildirib ki, xaricdə daimi yaşayan Azərbaycan vətəndaşı pensiya yaşına çatdıqda ölkədə topladığı kapitalı itirmir:
“Bu hüquq qüvvədə qalır. Şəxs yaşayış yerindən asılı olmayaraq əmək pensiyasının təyinini tələb etmə səlahiyyətinə malikdir. Proseduru inzibati qaydada Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirir. Müraciət elektron qaydada, nümayəndə vasitəsilə, bəzi hallarda isə konsulluqlar üzərindən edilir. Pensiyanın təyin edilməsi üçün minimum sığorta stajı və kifayət qədər pensiya kapitalının olması əsas şərtdir. Bu tələblər ödənildikdə ödənişlər bank hesabı, o cümlədən beynəlxalq köçürmələr vasitəsilə həyata keçirilir. Eyni zamanda, şəxs pensiya yaşına çatmamış ölkəni tərk edibsə, bu kapitalı əvvəlcədən, yaxud birdəfəlik əldə edə bilməz. Qanunvericilik vəsaitin sərbəst çıxarılmasına imkan vermir və sosial təminat funksiyasını prioritet sayır”.
Ellada Bayramovanın sözlərinə görə, beynəlxalq müqavilələr də bu sahədə mühüm rol oynayır:
“Azərbaycan bəzi ölkələrlə sosial təminat sazişləri bağlayıb və bu hallarda sığorta stajı birləşdirilərək nəzərə alınır. Pensiya kapitalı üzərində sərbəst sərəncam hüququ yoxdur və bu, vətəndaş gözləntiləri ilə hüquqi reallıq arasında fərq yaradır”.












