“AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi onu mütəmadi olaraq ekoloji cinayət törətməkdə ittiham edən ictimai fəal Cavid Qaranı məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Cavid Qara özü məlumat yayıb.
Qafar Dəmirçi
İstintaqla ekocinayət nəticəsində təbiətə 8 milyon manat ziyan dəydiyi müəyyən edilib. Lakin Dəmirçi cəmi 10 gün həbsdə qaldıqdan sonra 8 milyon manatı ödəyərək azadlığa çıxıb. Bundan sonra onun atası, “AQA Şirkətlər Qrupu”nun təsisçisi Aydın Dəmirçi ağacların kəsilməsini işçilərinin diqqətsizliyi və kobud səhvi kimi qiymətləndirərək ölkə ictimaiyyətindən üzr istəyib. Hazırkı məsələ də məhz bununla bağlıdır.
Belə ki, Cavid Qara sosial şəbəkədə etdiyi paylaşımlarda Qafar Dəmirçini qınayıb və onu təbiəti məhv edən cinayətkar adlandırıb. Bu səbəbdən Dəmirçi ictimai fəalı məhkəməyə verərək paylaşdığı məlumatları təkzib etməsini və üzr istəməsini, şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirən hərəkətlərə görə mənəvi ziyanın qarşılanmasını tələb edib.
Cavabdeh isə iddianı qəbul etmir, bunu Dəmirçinin təqsirinin sübuta yetirilməsi, həmçinin üzr istəyərək 8 milyon manatlıq ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarı olması ilə əsaslandırır. Binəqədi Rayon Məhkəməsi şikayət edilənin xeyrinə qərar çıxarıb. Hakim əsas olmadığı üçün Qafar Dəmirçinin şikayətini qəbul etməyib. Lakin Dəmirçi bununla razılaşmayaraq apellyasiya instansiyasına üz tutub. Sabah həmin şikayət üzrə məhkəmə prosesi keçiriləcək./Qafqazinfo/
Fotoda: Cavid Qara












