Qəbələ zəlzələsi: Bakı da təhlükədədir? - ÖNƏMLİ AÇIQLAMA

Qəbələ zəlzələsi: Bakı da təhlükədədir? - ÖNƏMLİ AÇIQLAMA

İyunun 12-də yerli vaxtla saat 15:13-də Azərbaycanın seysmoaktiv zonalarından biri olan Qəbələ rayonunda 5.1 maqnitudalı zəlzələnin qeydə alınması ölkə daxilində ciddi narahatlığa və geniş müzakirələrə yol açıb. Təbii fəlakətin Qəbələ stansiyasından 11 km cənub-qərbdə, yerin 42 kilometr dərinliyində baş verməsi yeraltı təkanların coğrafi əhatə dairəsini kəskin şəkildə genişləndirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məsələ ilə bağlı rəsmi açıqlamasında bildirib ki, zəlzələnin ocağı dərində yerləşdiyinə görə silkələnmə dalğaları geniş ərazini əhatə edərək Bərdə, Göyçay, Mingəçevir, Oğuz, Şəki, Zaqatala, Balakən və digər rayonlarda, hətta nisbətən uzaq Füzulidə də aydın hiss olunub. Seysmoloqun qənaətinə görə, zəlzələnin dərində baş verməsi böyük fəsadların qarşısını alıb; əgər eyni güclü təkan cəmi 8-10 kilometrlik səthi dərinlikdə qeydə alınsaydı, episentr zonasında dağıntı və ciddi fəsadlar törədə bilərdi.

Baş direktor həmçinin zəlzələdən sonra gərginliyin tam boşalması və yer qabığının fon səviyyəsinə düşməsi üçün xırda afterşokların (təkrari təkanların) olmasını normal tektonik proses adlandırıb və bu blokdakı qırılmaların son iki ay ərzində 700-dən çox təkanın qeydə alındığı Cənubi Xəzər hövzəsi ilə hər hansı bir coğrafi və tektonik əlaqəsinin olmadığını vurğulayıb. Lakin bu hadisə ölkə ictimaiyyəti qarşısında iki ən kritik sualı aktuallaşdırıb: Qəbələdə qeydə alınan bu ocaq Bakı və Abşeron yarımadasında analoji və ya daha güclü bir zəlzələni tətikləyə bilərmi və ümumiyyətlə, 5.1 maqnitudalı yeraltı təkan müasir yaşayış binalarında dağıntılara səbəb olmaq gücündədirmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan seysmoloq Ənvər Əliyev qeyd edib ki, Qəbələdə baş verən 5.1 maqnitudalı zəlzələ birmənalı olaraq Bakı və Abşeron yarımadasının seysmik aktivliyinə birbaşa təsir göstərmək və ya burada qəfil zəlzələ tətikləmək gücünə malik deyil: "Azərbaycan ərazisi mürəkkəb geotektonik quruluşa malikdir və ölkəmizdə fərqli tektonik bloklar, dərinlik qırılmaları mövcuddur. Qəbələ fəlakət ocağı Böyük Qafqazın cənub yamacı qırılma zonasına aiddir, Bakı və Abşeron isə tamamilə fərqli dinamikaya və horizontal-vertikal hərəkət sürətlərinə sahib olan Cənubi Xəzər tektonik blokunun təsir dairəsindədir. Bu iki struktur arasında birbaşa süxur və lay əlaqəsi olmadığı üçün Qəbələdəki gərginliyin boşalması Bakıdakı qırılma xətlərini aktivləşdirə bilməz. Odur ki, paytaxt sakinləri dərhal vahiməyə düşməməlidir, bu zəlzələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur".

Ekspert bu maqnitudada olan zəlzələlərin törədə biləcəyi potensial təhlükə və dağıntı dərəcəsinə də aydınlıq gətirərək, 5.1 bal formatının qorxulu fəsadlar yaradacaq həddə olmadığını bildirib:

"Maqnitudası 5.1 olan zəlzələ yer səthinə yaxın, yəni səthi ocaqlarda baş verdikdə belə, adətən yalnız köhnə, seysmik müqaviməti olmayan qəzalı tikililərdə xırda çatlar yarada bilər, kütləvi dağıntılara səbəb olmaq gücü yoxdur. Qəbələdə isə zəlzələ 42 kilometr kimi çox böyük bir dərinlikdə qeydə alınıb. Dərinlik artdıqca, dalğaların yer səthinə çatdırdığı dağıdıcı enerji kəskin şəkildə sönür və zəifləyir. Məhz bu səbəbdən episentrə yaxın kəndlərdə silkələnmə 5-3 bala qədər azalıb ki, bu da müasir inşaat standartları ilə tikilən fərdi və çoxmərtəbəli binalar üçün tam təhlükəsiz bir diapazondur. Bu cür dərin zəlzələlərdən sonra yaranan kiçik afterşoklar ağac budağının qırılmasından sonra əmələ gələn xırda parçalanmalar kimidir; layların oturması prosesidir və onların böyük əksəriyyəti insanlar tərəfindən hiss olunmayacaq. Hazırda seysmik gərginlik stabil səviyyəyə enir və narahatlığa heç bir ciddi əsas yoxdur".

Tunar

NOCOMMENT.az