Qurban bayramında süfrələrin əsas bəzəyi olan qoyun ətinin normadan artıq və ya yanlış şəkildə istehlak edilməsi, bayram günlərində xəstəxanaların qəbul şöbələrində sıxlığın artmasına səbəb olan ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər xüsusilə bu günlərdə qoyun əti yeyənlərin bir sıra mühüm tibbi və kulinariya qaydalarına mütləq diqqət yetirməli olduğunu vurğulayırlar. İlk növbədə, kəsilən qurban ətinin dərhal deyil, ən azı 12-24 saat soyuducuda dincəldildikdən sonra bişirilməsi həzm sistemini qorumaq üçün vacibdir, çünki təzə kəsilmiş ətdəki ölüm sərtliyi (rigor mortis) mədə ağrıları, kəskin şişkinlik və həzmsizlik yaradır. Ətin bişirilmə üsuluna gəldikdə isə onun quyruq yağı və ya kərə yağı əlavə edilmədən, öz suyunda, qaynadılaraq və ya sobada hazırlanması, manqalda ediləcəksə, ətlə kömür arasında ən azı 15 sm məsafənin saxlanılması kanserogen (xərçəng yaradan) maddələrin formalaşmasının qarşısını almaq üçün mütləqdir. Həmçinin, ət yeməklərinin yanında bol yaşıl salat istehlak etmək həm C vitamini vasitəsilə ətdəki dəmirin bədən tərəfindən sorulmasını artırır, həm də zəngin lif tərkibi sayəsində bağırsaqların fəaliyyətini asanlaşdırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Şamil Ramazanov qeyd edib ki, qoyun əti yüksək keyfiyyətli heyvani zülal, dəmir, sink və B qrupu vitaminləri ilə zəngin olsa da, onun tərkibindəki doymuş yağların miqdarı bişirilmə və istehlak mərhələsində xüsusi nəzarət tələb edir: "Qurban bayramında əhalinin qidalanma rejimində qəfil və kəskin dəyişiklik baş verir ki, bu da birbaşa mədə-bağırsaq traktına böyük yüklənmə gətirir. Qoyun əti qan azlığının qarşısını alan və immun sistemini gücləndirən faydalı elementlərə malikdir, lakin biz onu əlavə yağlar qataraq, qızartma formasında bişirdikdə faydasından çox zərərini görmüş oluruq. Bayram günlərində porsiya nəzarətini itirmək, xüsusilə axşam saatlarında ağır ət xörəkləri yemək orqanizmin bioloji ritmini pozur".
Onun sözlərinə görə, qoyun ətinin tərkibindəki yüksək xolesterin zənginliyi ürək-damar xəstəliklərindən əziyyət çəkən və xroniki narahatlıqları olan qruplar üçün ciddi fəsadlar törədə bilər:
"Həddindən artıq qoyun əti yemək qanda lipid balansını pozaraq damar tıxanıqlığına, infarkt və insult riskinə birbaşa zəmin hazırlayır. Xüsusilə hipertoniya, şəkərli diabet, qaraciyər piylənməsi və podaqradan əziyyət çəkən vətəndaşlarımız bayram süfrələrində qoyun ətindən olduqca məhdud miqdarda istifadə etməli, sağlamlıqlarını təhlükəyə atmamalıdırlar. Qurban paylarının düzgün şəraitdə saxlanması, dondurulduqdan sonra yenidən donunun açılıb dondurulmaması kimi qida təhlükəsizliyi qaydalarına riayət etmək də ən az ətin miqdarı qədər vacib bir şərtdir".
Tunar,












