“Şərikli çörək”in Vaqifi illər sonra

“Şərikli çörək”in Vaqifi illər sonra

“Şərikli çörək” bədii filmində canlandırdığı Vaqif obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan aktyor Kamran Rəcəblinin həyat yoldaşı ilə fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. İllərdir ABŞ-də yaşayan aktyorun şəxsi həyatı yenidən diqqət mərkəzinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Kamran Rəcəbli Moskva Energetika İnstitutunu bitirib. O, 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Neft-Kimya İnstitutunda müəllim kimi fəaliyyət göstərib.

1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedən Kamran Rəcəbli orada yaşamağa qərar verib və kibernetik proqramçı kimi çalışmağa başlayıb. Səkkiz il Kanadada yaşadıqdan sonra ABŞ-yə köçən aktyor hazırda San-Dieqo şəhərində yaşayır.

Energetika sahəsi üzrə mütəxəssis olan Kamran Rəcəbli ABŞ-nin məşhur şirkətlərində məsləhətçi kimi fəaliyyət göstərir və professor kimi çalışır.

O, xaricdə yaşasa da Azərbaycanla əlaqələrini davam etdirib. Belə ki, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələrdə iştirak edib, həmçinin “Azərenerji” və “Azərişıq” SC-də dispetçer idarəetmə sisteminin avtomatlaşdırılması – SKADA layihələrinin reallaşdırılmasına töhfə verib.

Kamran Rəcəblinin 4 övladı var. Birinci nikahından olan oğlu ABŞ-də diş həkimi kimi çalışır. İkinci həyat yoldaşı Olqa isə kökəncə Vladivostokdandır. Cütlüyün iki övladı var.

Sara

NOCOMMENT.az